Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülərək İstanbuldakı konsulluqdan çıxarılması ilə əlaqədar iddiaları araşdırmaq məqsədilə “Röyters” agentliyi Levent 5 küçəsində yerləşən konsulluğun binasından reportaj hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, konsul Məhəmməd əl-Otaibi agentliyin əməkdaşları ilə birgə konsulluq binasını gəzib. “Röyters”in əməkdaşlarını 6 mərtəbəli binanı otaq-otaq gəzdirən Məhəmməd əl-Otaibi müşahidə kameralarının çəkiliş aparmadığını deyib. Onun sözlərinə görə, Camal Qaşıqçının konsulluq binasının giriş və çıxışında, eləcə də içərisində nə etdiyi ilə bağlı heç bir görüntü yoxdur. Konsul jurnalistin öldürüldüyünə dair iddiaları da rədd edib.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.