Ermənistan parlamentinin vitse-spikeri, “Respublika” partiyasının deputatı Eduard Şarmazanov sərt açıqlamalarla çıxış edib.
Teleqraf.com-un məlumatına görə, o, qeyd edib ki, Ermənistan hökuməti bu ölkəyə yaxşı şüarlar, demaqoq fikirlər və “selfi”lərdən başqa heç bir şey verməyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın təqaüd və maaşların dərhal artırılması kimi fikirləri populist xarakterlidir və heç bir əsası yoxdur.
“Onun dedikləri və etdikləri bir-birindən tamamilə fərqlənir” –deyə qeyd edən erməni deputat Ermənistanın bugünkü vəziyyətini 1993-cü il Moskvada baş verənlərlə müqayisə edib və bunların heç bir müsbət nəticə ilə yekunlaşmayacağını vurğulayıb.
Xatırladıb ki, həmin zaman da Rusiyada xaos idi və rus parlamenti də o zaman etirazçılar tərəfindən güllələnirdi.
Qeyd edək ki, Ermənistanın dövlət büdcəsi haqqında qanuna əsasən 2019-cu il üçün inkişaf 4,9% müəyyən edilib. Halbuki bu göstərici 2017-ci ildə 7% təşkil edirdi.
Həmçinin Paşinyanın bu ilki dövlət büdcəsində maaş və təqaüdlərin artırılması ilə bağlı heç bir müddəa yoxdur.