Güney Azərbaycandan olan milli-mədəni fəal Cavad Əhmədiyə qarşı sui-qəsdə cəhd edilib.
Teleqraf.com xəbər verir ki, o bu barədə Xoş Şəhər Polis İdarəsində dindirilmə zamanı bildirib.
Azərbaycanlı fəal özünə qarşı sui-qəsd cəhdi ilə əlaqədar təhlükəsiz qüvvələrinin suallarını cavablandırıb.
O, “hücumla bağlı kimdən şübhələnirsiniz?” sualına belə cavab verib:
“Mən bir türk siyasi fəalam və yalnız mədəni fəaliyyətlə məşğul oluram. Hesab edirəm ki, belə məsələlərdə siz cavabdehlik daşıyırsız və hər şeyə aydınlıq gətirməlisiniz”.
Polis Cavad Əhmədinin ittihamlarını rədd edib. Ona məsələ ilə əlaqədar araşdırma aparılacağı bildirilib.
Qeyd edək ki, Cavad Əhmədi oktyabrın 3-də gecə saatlarında evdən çıxdığı vaxt iki motosikletçinin hücumuna məruz qalıb. Naməlum şəxslər fəala ağır zərbələr endirərək hadisə yerindən qaçıblar.
O bundan əvvəl Babək qalasına yürüşlə əlaqədar saxlandığı Kəleybər həbsxanasından azadlığa buraxıldıqdan sonra iyulun 9-da Xoyda 3 naməlum şəxsin hücumuna məruz qalaraq yaralanmışdı.