Türkiyə və ABŞ arasında münasibətlərdə gərginliyə səbəb olan rahib Endryu Bransonla bağlı yeni gizli şahid ifadələri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, “Qılınc” və “Kama” kod adlı şəxslər Bransonun din pərdəsi altında kilsədə çalışmış insanlar vasitəsində Aydın bölgəsinin Didim mahalında fəaliyyət göstərdiyini iddia ediblər.
İddiaya görə, rahib həyat yoldaşı Norin Bransonla birgə ələvilər və az gəlirli kürd vətəndaşları ələ alaraq müxtəlif ayinlər keçirib. Məqsəd Türkiyədə etnik ayrı-seçkilik yaratmaq olub. Gizli şahidlər Bransonun kilsəsində işləmiş Bedroz adlı bir rahib və Norin Bransonla qarşılaşdığı hadisəni danışıblar.
“Qılınc” və “Kama” kod adlı şəxslər deyiblər ki, Didimdə kürd əsilli bir sahibkarın verdiyi dəvətnamə ilə məsələdən agah olublar: “İncəsənət qalereyası adlanan yerə getdik. İki dostumuz da bizimlə gəlmişdi, bizi Bedroz adlı sonradan rahib olduğunu öyrəndiyimiz şəxs qarşıladı. Bizimlə səmimi görüşdü, hətta evə gedəndə kitab hədiyyə edəcəyini söylədi.
Göstərilən yerdə oturduq, rahib kürsüyə qalxıb çıxış etməyə başladı. Çıxışı zamanı tez-tez Didim kilsəsinin adını çəkirdi, dostlarımızla birgə bu sözlərdən narahat olmağa başladıq, yeni bir təşkilatdan bəhs edirdi, amma onun nə olduğunu bizə demədilər”.
Şahidlər qeyd ediblər ki, rahibin çıxışı bitəndən sonra onları bazar günləri saat 11:00-da Didim Ələvi Bektaşi Mədəniyyət Dərnəyi və Cəm Evində ayinə dəvət edib: “Məqsədlərinin başqa olduğunu anlayıb bu ayinlərdə iştirak etmədik. Didimdə onların hədəf auditoriyaları süryanilər, özünü kürd kimi qələmə verən ermənilər, ələvilər, az gəlirli kürdlər idi.
Adını xatırlamadığım bir professor Gəzi hadisələri zamanı ələviliklə bağlı 11 dəfə konfrans keçirmişdi. Həmin tədbirlərdə üstüörtülü şəkildə ələviliyin üsyan hərəkatı olduğu söyləmişdi. Sanki Gəzi hadisələri ilə əlaqədar psixoloji təsir göstərirdi.
Bu konfranslar avropalıların maliyyələşdirdiyi Ələvi İnstitutu tərəfindən həyata keçirilmişdi. İncəsənət qalereyasında gördüyüm mənzərə Türkiyədəki etnik ayrı-seçkilik cəhdləri ilə paralel xarakter daşıyırdı”, - deyə “Qılınc” və “Kama” kod adlı şəxslər bildiriblər.
Qeyd edək ki, İzmirdə ev dustağı olan Endryu Bransonla bağlı oktyabrın 12-də məhkəmə prosesi keçiriləcəyi gözlənilir.
Endryu Branson casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunur.