SSRİ Elmlər Akademiyası 1933-cü ildə şair Maksim Qorkinin təşəbbüsü ilə dünyanın məşhur simaları haqqında silsilə romanların çapına başlamışdı. Bu layihə çərçivəsində yüzlərlə məşhur barədə kitablar işıq üzü gördü.
Teleqraf.com xəbər verir ki, bu kitablardan biri də İ.Lavretski tərəfindən qələmə alınmışdə və kubalı inqilabçı Ernesto Çe Gevara haqqında idi.
Lavretski kitabda inqilabçının milliyəti ilə bağlı ilginc iddialar irəli sürür.
Kitab Çe Gevaraya ünvanlanmış “Milliyətiniz və kökəniniz nədir?” sualı ilə başlayır. Bu haqda kitabın “İlk addımlar” bölümündə yazılıb. Bölümdə Çe Gevaranın milli kimliyini açan əsas detal kimi onun 1959-cu ildə Meksikada nəşr olunan “Sempre” jurnalına verdiyi müsahibə göstərilir. Müsahibədə Çe Gevara Argentinada doğulduğunu və Kubaya sonradan gəldiyini bildirir.
Avtobioqrafik romanın yazarı İ.Lavretski kitaba 1969-cu ilin fevralında Havana yaxınlığında yerləşən Miramarda Alberto Qranodos adlı bir dostunun evində Çenin atası Ernesto Gevara Linç və Alberto adlı şəxs arasında gedən söhbətlə başlayır.
Çenin atası Gevara Linç 70 yaşlarında, orta boylu, sakit təbiətli bir adamdır. O, gözlərinə tısbağa çanağından hazırlanmış eynək taxır. Yazıçı La Plata sakinlərinə məxsus ləhcə ilə danışan ata Gevaranın argentinalı olduğunu yazır. Ata Gevara tez-tez uruqvaylılar və argentinalıların istifadə etdikləri “che” (“çe”) ifadəsindən istifadə edir.
Lakin kitabın sonlarında ata Ernesto oğlu haqqında tamam fərqli sözlər işlədir:
“Çe məşhur olandan sonra qəzetlər onun barədə yalanlar yazmağa başladılar. Ağıllarına nə gəlirdisə, yazırdılar. Bəzi qəzetlər isə Çenin argentinalı olduğunu iddia edirdilər. Həmin qəzetlərə görə, Çe özünü argentinalı kimi göstərən rusdur”.
Qeyd edək ki, bu gün kubalı inqilabçı Ernesto Çe Gevaranın öldürülməsindən 51 il keçir.
O, 1967-ci il oktyabrın 9-da partizan yoldaşı ilə birlikdə Boliviyanın La Higera kəndində ələ keçirilərək güllələnib.