Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana gələn Fransa Prezidenti Emmanuel Makrona böyük ümidlər bəsləyirdi. Qafqazın ən kiçik ölkəsinin baş naziri ümid edirdi ki, bu səfərdən sonra Fransa kapitalı iqtisadi durğunluğun yüksək həddə olduğu Ermənistana açılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Figaro” qəzetində bildirilib.
Qəzet səfər çərçivəsində Paşinyanın Makron və nümayəndə heyəti ilə apardığı müzakirələrdə iqtisadi məsələlərin üzərində dayanmasını təsadüfi hesab etmir:
“Emmanuel Makronun səfəri kiçik bir Qafqaz ölkəsinin işgüzar dairələrində böyük ümidlər yaratmışdı. Erməni hökuməti iş forumu təşkil etmək məqsədilə bu səfərdən faydalanmaq niyyətində idi”.
“Le Figaro” daha sonra yazır:
“Ölkədə siyasi inqilab baş verib, amma iqtisadi durğunluq pik həddədir. Baş vermiş siyasi dəyişiklik iqtisadi inqilaba zəmin yaratmadı. Bütün iqtisadi sektorlar hələ də oliqarxların əllərindədir. Faktiki olaraq, baş nazir və komandası monopoliyanı aradan qaldırmaq üçün qəbul etdikləri qanunları icra edə bilmirlər. Çünki parlament hələ də keçən il kütləvi seçki saxtakarlığı fonunda seçilmiş köhnə idarəetmə qrupunun əlindədir”.
Fransız nəşri Ermənistan iqtisadiyyatının tamamilə xarici ölkələrdən asılı olduğunu qeyd edir: “Erməni iqtisadiyyatı xarici investisiyalardan çox asılıdır. Təkcə mədən sənayesi və energetika sektorunda Rusiyadan asılılıq 80 faizdir.
Optimal iş mühitinin olmaması və məhdud bazar da Ermənistanın başqa bir problemidir. Əlbəttə, bu vəziyyət Ermənistan hökumətini kapital axtarışına çıxarıb”.
“Le Figaro” Rusiya asılılığında olan və iqtisadi potensialı zəif olan Ermənistana kapital qoymağın riskli olduğunu da etiraf edir.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron oktyabrın 11-də Ermənistana səfər edib.