Almaniyada tələbələrin sayı durmadan artır.
Teleqraf.com xəbər verir ki, 2,84 milyon nəfərə yaxın tələbənin təhsil aldığı Almaniyada mənzilə tələbatın artması və qiymətlərin qalxması müşahidə olunur.
Ən çox qiymət artımı Berlində qeydə alınıb. Burada mənzil kirayəsi 2010-cu illə müqayisədə 67 faiz qalxıb. Kölndə yerləşən Almaniya İqtisadiyyatı İnstitutunun ekspertləri tələbə mənzillərinin orta dəyərini 3 parametrə görə - sahəsinə, təmir vəziyyətinə, ali məktəbdən hansı məsafədə yerləşməsinə görə müəyyən ediblər. Ən bahalı şəhərin Münxen olması məlum olub: burada ali məktəbə 1,5 kilometr yaxınlıqda yerləşən 20 kvadratmetrlik ortatəmirli mənzili kirayələmək 419 avroya başa gəlir. Həmin şəraitli mənzili Berlində ayda 250 avroya kirayələmək mümkündür. Daha münasib təklif Almaniyanın şərq hissəsindədir. Leyptsiqdə isə 20 kvadratmetrlik kirayə mənzilin aylığı 169 avrodur.
İnstitutun analitikləri hesab edirlər ki, gələcəkdə daha çox tələbə ölkənin şərqində yerləşən ali məktəblərə üstünlük verəcək.