Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və Ermənistan arasında üçüncü yol çəkiləcək.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndində livanlı iş adamları ilə görüşündə Qarabağdakı separatçıların başçısı Bako Saakyan deyib.
Saakyan bildirib ki, yeni yol hərbi məqsədlər üçün çəkiləcək:
“Hazırda Qarabağı Ermənistana iki yol: Gorus-Laçın-Xankəndi və Vardenis-Ağdərə yolları birləşdirir. Çəkilməsi planlaşdırılan üçüncü yol isə müharibə vəziyyətində Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı birləşmələrə yardım etməsini asanlaşdıracaq”.
Livanlı iş adamlarının yolun çəkilişi üçün separatçılara pul ayıracağı diqqətə çatdırılıb.