Birləşmiş Ərəb Əmirliklərinin rəsmi “Ettihad” qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “18 oktyabr tarixində Azərbaycan Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.
Teleqraf.com xəbər verir ki, Daşqın Şikarov yazısında keçən əsrin əvvəlində 28 may 1918-ci il tarixində Azərbaycanın İslam dünyası və Şərqdə ilk dünyəvi demokratik dövlət qurduğunu, həmin dövlətin yalnız 23 ay yaşadığını, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetdiyini bildirib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan yollardan bəhs edən məqalə müəllifi vurğulayır ki, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə edib, 1991-ci ildə Azərbaycan xalqının müstəqillik əldə etmək üçün apardığı mübarizəsi öz məntiqi nöqtəsinə çatıb.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templə inkişaf etdiyini vurğulayan səfir Daşqın Şikarov qeyd edir ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır.
“Ettihad” qəzetində nəşr olunmuş məqalədə Azərbaycanın xarici siyasəti haqqında məlumatlar verilir, ölkənin öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunur.