19 Oktyabr 2018 12:49
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə elə gəlir ki, jurnalist Camal Qaşıqçı öldürülüb. Çox böyük möcüzə baş vermədikcə, onun öldürüldüyünə inanıram.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Andrevs Hava Qüvvələri Mərkəzində jurnalistlərə deyib.

O, əlavə edib ki, fikirlərini bir çox ölkədən daxil olan kəşfiyyat informasiyasına dayanaraq deyir.

Jurnalistin öldürülməsi sifarişinin kim tərəfindən verildiyi haqda suala cavabında ABŞ prezidenti deyib ki, qəti fikir demək bir qədər tezdir. Bununla belə Tramp bildirib ki, həqiqətlərin üzə çıxacağına şübhəsi yoxdur.

Prezident əlavə edib ki, Qaşıqçının Səudiyyə hakimiyyəti tərəfindən öldürülməsi ortaya çıxsa, Vaşinqtonun buna reaksiyası çox sərt olacaq:

“Biz araşdırmada bəzi nəticələri gözləyirik. Yaxın günlərdə bu haqda açıqlama verəcəyimizi düşünürəm. Lakin üç fərqli araşdırmanın nəticələrini gözləyirik”.

Bu arada bəlli olub ki, dövlət katibi Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə bağlı araşdırmanı başa çatdırmaq üçün vəliəhd şahzadə Məhəmməd bin Salmana 72 saat vaxt verib. İddiaya görə, Məhəmməd bin Salmana verilən zaman bu axşam başa çatır.

ABŞ-ın Axios internet saytı görüş haqqında informasiyası olan dövlət rəsmisinə istinad edərək yazıb ki, Pompeo şahzadə Salmana Qaşıqçı hadisəsində həqiqətin ortaya çıxmayacağı təqdirdə Səudiyyə Ərəbistanın etibarının ciddi zədələnəcəyi haqda xəbərdarlıq da edib.

“Vaşinqton Post” qəzeti isə iddia edib ki, hazırda Tramp hakimiyyəti şahzadə Məhəmməd bin Salmanın adının Qaşıqçı qalmaqalına “bulaşdırmayan” açıqlama üzərində düşünür.

Qəzet iddia edir ki, rəsmi Riyad Qaşıqçının öldürülməsi ilə bağlı günahı Kəşfiyyat Nazirliyində nazir müavini vəzifəsini tutan general Əhməd əl Assirin üzərinə yıxmağı planlaşdırır. Səudiyyə hakimiyyəti Assirinin təlimatı səhv anladığını və ya səlahiyyətlərini aşaraq jurnalisti öldürdüyünü açıqlaya bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər