19 Oktyabr 2018 14:21
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasına bağlı Müttəfiq Araşdırmalar Mərkəzi (Joint Research Center-JRC) adlı təşkilat qabaqdakı illərdə dünyada içməli su uğrunda müharibələrin başlayacağı xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, JRC qarşıdakı 50-100 il ərzində müharibələr başlayacaq bölgələri göstərən xəritə də yayımlayıb.

Elm adamlarının iştirakı ilə hazırlanmış hesabatda bildirilir ki, qlobal isinmə və kəskin iqlim dəyişikliyinə görə dünyanın 5 bölgəsi kritik dönəmdədir.

İqlim dəyişikliyinə görə Nil, Qanq, Kolorado və Dəclə-Fərat çayı hövzələrində içməli su uğrunda mübarizənin kəskinləşəcəyini bildirən alimlər qonşu ölkələrin bir-birinə müharibə elan edəcəyini diqqətə çatdırır.

“Su qıtlığı yeganə səbəb olmayacaq. Qarşıdakı illərdə içməli su qaynaqları uğrunda kəskinləşən siyasi çəkişmələr beynəlxalq münasibətlərin pozulmasına gətirib çıxaracaq. Bölgələrdə qorxulu narahatlıq hökm sürəcək”, - deyə hesabatda qeyd edilir.

“Global Environmental Change” adlı jurnalındakı məqaləsində araşdırmaçı Fabio Farinosi yazır ki, gərginliyin qarşısının əvvəldən alınması üçün ölkələr indidən siyasi anlaşmalara və razılaşmalara getməlidirlər: “Yayımladığımız xəritə bu gərginliyin qarşısının əvvəldən alınmasına xidmət edir”.

Mütəxəssislər göstərilən 5 bölgədə müharibənin baş verəcəyi ehtimalının dəqiq olduğunu və bunun dünyada ciddi gərginliyə gətirib çıxaracağı xəbərdarlığını edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər