Səudiyyə Ərəbistanı oktyabrın 2-də ölkəsinin İstanbul konsulluğuna daxil olan və oradan çıxmayan jurnalist Kamal Qaşıqçının öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Qaşıqçının konsulluqda baş verən dava zamanı öldürüldüyünü, buna görə 18 nəfərin həbs olunduğunu bəyan edib.
Bu açıqlamanı Səudiyyə dövlətinə bağlı olan media qurumları yayıb.
Krallığın baş prokuroru bildirib ki, Qaşıqçı konsulluğa daxil olduqdan sonra burada görüşdüyü şəxslərlə mübahisəsi yaranıb, bu zaman jurnalist aldığı yumruq zərbəsindən vəfat edib.
Prokuror deyib ki, hadisə ilə bağlı araşdırma davam etdirilir, hazırda 18 nəfər həbs edilib.
“Kraliyyət bununla bağlı dərin üzüntüsünü ifadə edir” deyə bildirilən açıqlamada həbs edilən şəxslərin kimliyi açıqlanmayıb.
O da bəlli olub ki, Səudiyyə Ərəbistanı Məhkəməsinin sözçüsü Suud el-Kahtani və kəşfiyyat xidmətinin müavini, general Əhməd Assiri vəzifəsindən çıxarılıb.
Açıqlamada Qaşıqçı cinayətində əli olan hər kəsdən bunun hesabının sorulacağı ifadə edilib.
Səudiyyə Kralı Salman bin Əbdüləziz isə bəyan edib ki, kəşfiyyat xidmətinin yenidən təşkilinə ciddi ehtiyac yaranıb. Təşkilatlanma işi üçün qurulacaq Nazirlər Komitəsinə şahzadə Məhəmməd bin Salmanın rəhbərlik edəcəyi bildirilib.