Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general-polkovnik Yuri Xaçaturovun əvəz edilməsi prosesi mümkün qədər tez başa çatacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.
O, yeni baş katibin təyin edilməsinin iki mərhələdə baş tutacağını bildirib:
“Ya KTMT baş katibinin namizədliyini təklif edən ölkə yenisini təqdim edəcək, ya da əlifba sırasına uyğun olaraq, təşkilata sədrlik başqa bir ölkəyə keçəcək”.
Qeyd edək ki, Yuri Xaçaturovu 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalarda iştirak edən insanlara odlu silahdan atəş açmaq əmrini icra etməkdə ittiham olunur. İttiham əsasında ona qarşı cinayət işi açılıb.
Bir müddət əvvəl həbs edilmiş Y.Xaçaturov rəsmi Moskvanın kəskin etirazından sonra sərbəst buraxılsa da, Rusiyanın rəsmi siyasi dairələri buna görə, Ermənistanın KTMT-dəki dönəm sədrliyinə vaxtından əvvəl xitam veriləcəyi xəbərdarlığını ediblər.