23 Oktyabr 2018 18:57
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın İrana qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etməsi birbaşa Ağ Evə xəbərdarlıqdır. Çünki Boltonun görüşlər zamanı Ermənistandan İrana qarşı noyabrın 14-dən başlayacaq sanksiyaların daha ağır mərhələsinə qoşulmağı istəyəcəyi gözlənilir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Vaşinqton Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyəti ələ keçirən Paşinyanı öz diqtəsinə tabe etməyə çalışır:

“Ona görə də İrəvana bu cür açıq mesaj verilir. İran-Ermənistan iqtisadi əməkdaşlığı çərçivəsində iki qaz kəməri çəkilib. Hazırda Ermənistan üzərindən Qara dəniz sahillərinə yeni qaz kəmərinin çəkilməsi planı üzərində iş gedir. Bundan əlavə, İrəvan Ermənistan bankları və Qarabağda fəaliyyət göstərən qanunsuz banklar vasitəsilə sanksiyadan yayınaraq maliyyə əməliyyatları həyata keçirir. Bu baxımdan Bolton İranın Ermənistan üzərindən iqtisadi maraqlarını təmin etməsinin qarşısını almaq üçün İrəvana təzyiq etməyə çalışacaq”.

M.Əsədullazadə qeyd edib ki, N.Paşinyan dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətini möhkəmləndirib İrana qarşı sanksiyalara qoşulmasa, ABŞ-ın birbaşa maliyyə yardımlarından məhrum olacaq:

“Bu da Paşinyana Vaşinqton tərəfindən böyük zərbə olacaq. Hələlik ABŞ Ermənistana vəd etdiyi maliyyə yardımını ayırmayıb. Çox güman ki, ABŞ parlament seçkilərindən sonra Paşinyanın siyasi kursuna uyğun olaraq maliyyə ilə bağlı qərar verəcək. Həmçinin, Tramp administrasiyası Qarabağ separatçılarına humanitar yardım adı ilə hər il ayırdığı vəsaiti ləğv edə bilər. Qeyd edim ki, Paşinyan ABŞ-ın maliyyə yardımlarına çox böyük ümid edir və ölkəsində bir sıra sahələrə ABŞ investisiyasının yatırılmasına çalışır. Göründüyü kimi, dilemma arasında qalan Paşinyanı çətin sınaq gözləyir. İrana qarşı sanksiyalara qoşularsa, Tehrandan aldığı ucuz qazdan məhrum olacaq, həmçinin cənub qonşusunun sərt siyasəti ilə üzləşəcək. ABŞ-ın əleyhinə olaraq İranla əməkdaşlığı davam etdirsə, Vaşinqtonun sanksiyalarına məruz qalacaq”.

Siyasi şərhçi bir məqamı vurğulamağı da vacib saydığını dilə gətirib:

“Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Trampla görüşmək üçün cəhdlər edir. Bu görüş onun üçün hakimiyyətinin Moskva qarşısında immunitetini möhkəmləndirməyə hesablanıb. Əgər Ermənistan hakimiyyəti İran məsələsində Vaşinqtona dəstək verməsə, Trampla görüşmək istəyi elə istək olaraq qalacaq”.


Müəllif: Səxavət Həmid