Təbrizin “Səhənd” stadionunda “Traxtur” komandası tərəfdarları Azərbaycan və Türkiyənin dövlət bayraqlarını nümayiş etdiriblər.
Teleqraf.com xəbər verir ki, oktybarın 26-da keçirilən “Traxtur”-“Sepidrud” görüşündə soydaşlarımız əllərində mavi, qırmızı və yaşıl rəngli şarlar tutaraq Azərbaycan bayrağını təsvir ediblər.
Stadionda bir neçə dəqiqə Türkiyə bayrağı da dalğalandırılıb.
“Traxtur” tərəfdarları hər kəsin diqqətini çəkən böyük plakat da nümayiş etdirib.
Türklərin birliyinə işarə edən plakata “Var olsun böyük Türkistan – Türkmən, Qaşqay və Azərbaycan” sözü yazılıb.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri “Traxtur” yarışlarında stadiona Azərbaycan və Türkiyə bayraqları, həmçinin yazılı banner və plakat gətirməyə icazə vermir, buna baxmayaraq soydaşlarımız əksər yarışlarda türk bayraqları və plakatlar nümayiş etdirir.
“Traxtur”-“Sepidrud” görüşü 2:1 hesabı ilə Azərbaycan komandasının xeyrinə yekunlaşıb.