29 Oktyabr 2018 09:12
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Dövlət Teatrı və Dövlət Konservatoriyasının qurucusu, professor Karl Ebertin ilk tələbəsi olan Ərtoğrul İlgin dünyada heç kimin yaşaya bilməyəcəyi həyat dramı yaşayıb.

Teleqraf.com aktyorun maraqlı olduğu qədər də dramatik həyat taleyi haqda yazını təqdim edir.

Ərtoğrul İlgin Qalatasaray liseyini bitirdikdən sonra Dövlət Konservatoriyasına daxil olub. Konservatoriyanın ilk tələbələrindən olan Ərtoğrul 4 dildə sərbəst danışa bilirmiş. Bunun sayəsində konservatoriyada dərs deyən əcnəbi müəllimlərin tərcüməçiliyini də edirmiş. Öz dövründə Türkiyə üçün uğurlu bir şəxs olan İlginin yalnız bir zəif yeri olub - o, qumar aludəçisi imiş.

Məhz elə buna görə sənətçi Zəfər Algöz “Keş On Di Teybil” adlı kitabında İlginin qumara olan düşüklüyünü və bu səbəbdən film olacaq həyatını qələmə alıb.

Qazandığı pulları qumarda uduzan Ərtoğrul İlgin bir gün iş yoldaşlarının yanına üç iş adamı və bir bank müdiri ilə gəlir. İş yoldaşlarına və sənətçilərə İsveçrənin Lugano gölü ətrafında böyük meşəlikdə gözəl evlərdən ibarət olan bir cənnət vəd edir. Sənətçilər İlginin bu təklifini sevinclə qarşılayır, meşəlikdə ev almaq məqsədilə bank hesabları açır və pullarını ora yatırırlar.

Ərtoğrul İlginin isə əvvəlcədən düşünülmüş planı belə idi: bu pulları əldə edərək qumarda oynayacaq və çoxaltdıqdan sonra öz payını götürməklə yerdə qalan pulları hesablara yatıracaq.

Pulları əldə etdikdən sonra qumara qoyan və hamısını uduzan sənətkar 35 il müddətinə yoxa çıxır.

Uzun illər Avropada yaşayır, Avstriyada əsilli bir ailənin yanında qalır, ailənin övladlarına xarici dillər öyrətməklə məşğul olur. Amma uşaqlara söyüş öyrətdiyi üçün işindən qovulur.

Bundan sonra yolunu Amerikaya salır. Bir müddət Amerikada ofisiant işləyir, amma burada da boş dayanmır. İşlədiyi mağazanın sahibi gündəlik 2 tondan artıq ət satmağı qadağan etməsinə baxmayaraq, İlgin gün ərzində iki tondan çox ət satır və əldə edilən pulları mağazanın digər işçiləri ilə bölür. Daha sonra mağaza əməkdaşlarını da qumara alışdırır. Onun bu əməlləri ortaya çıxdıqdan sonra mağazadakı işindən qovulur.

Amerikada axtarışda olsa da, axtardığını tapa bilməyən Ərtoğrul İlgin yenidən Avropaya qayıdır. Hava limanında insanlara “xəstə” olduğunu deyərək ətrafındakıları aldadır və onlardan pul alır.

Avropada təsadüfən bir türkün onu tanımasından sonra 35 illik fasiləni aradan götürərək Türkiyəyə qayıdır. İstanbul teatrı və operasından iş istəyir və orada işləməyə başlayır. Amma qumar oynamağı da davam etdirir. Səhnədən enən kimi dərhal qumar oynamağa gedir.

Yaşlandıqdan sonra isə qocalar evinə yerləşir. Burada bir xanımla ailə qurur. Xanımının üç evini satdıran İlgin qadına daha çox pul qazanacaqlarını vəd edir. Ancaq bu pulların da hamısını qumarda uduzur. Və bu onun sonunu gətirir.

75 yaşında olan aktyor bu pulları uduzduqdan sonra xəstələnir və 15 gündən sonra vəfat edir.

Onun vəfatı ilə bağlı qəzetdə çap olunan elanında belə yazılır- "Mən Ərtoğrul İlgin. Öldüm. Gedirəm, qalanlara salam olsun”.


Müəllif: Cavad

Oxşar xəbərlər