Suriyaya dair dördüncü görüş Rusiya və Türkiyə prezidentlərinin böyük uğuru ilə başa çatdı.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında türk politoloq Həsən Oktay deyib.
Politoloq görüşdə Suriya böhranının həllinə dair Türkiyə, Rusiya, Almaniya və Fransa arasında yeni birliyin formalaşdığını bildirib:
“Fransa və Almaniyanın Astana və Soçi proseslərinə cəlb edilməsi Putin və Ərdoğanın uğuru hesab oluna bilər. Buna görə də düşünürəm ki, İstanbuldakı zirvə toplantısı dörd ölkənin Suriyanın ərazi bütövlüyünün təmin olunmasında birlikdə hərəkət etməsinə gətirib çıxardı.
Bundan sonra İdlib və Şərqi Fərat problemləri və terrorizmlə mübarizə üçün birgə hərəkət etmək məsələsi də aydın şəkildə təsbit edildi”.
Qeyd edək ki, Suriya münaqişəsi ilə bağlı dördüncü görüş ötən həftə Türkiyə (Rəcəb Tayyib Ərdoğan), Rusiya (Vladimir Putin), Fransa (Emmanuel Makron) və Almaniya (Angela Merkel) liderlərinin iştirakı ilə İstanbulda baş tutub.
Tərəflər Suriyanın İdlib bölgəsində atəşkəs rejiminin davam etdirilməsinə qərar veriblər. Görüşdə terrorizmə qarşı birgə mübarizənin aparılacağını bildirən liderlər eyni zamanda ilin sonunadək Suriya böhranın həllinə dair konstitusiya komissiyasının qurulmasını razılaşdırıblar.