Gürcüstanda keçirilən prezident seçkiləri Azərbaycanda maraq doğurmaya bilməz. Çünki bu ölkə ilə tarixi əlaqələrimiz hazırda strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Gürcüstanda prezidentin səlahiyyətlərinin geniş olmamasına baxmayaraq bu seçkilər ölkədə demokratiya indeksinin hansı səviyyədə olmasının bilinməsi və ölkə əhalisinin hansı siyasi qüvvəyə dəstək verməsinin üzə çxarılması baxımından əhəmiyyətlidir:
“Oliqarx Bidzina İvanişvilinin kölgəsi altında olan indiki hakimiyyətdən xalq xeyli narazıdır. Bu illər ərzində demokratiyada gerilik, işsizlik və digər sosial problemlər dərinləşib. Bundan əlavə, “Gürcü Arzusu” Partiyası Gürcüstanda yaşayan qeyri-gürcülərə qarşı ayrı-seçkilik siyasətinə yol verir. Bu kimi problemlər fonunda gürcü xalqının hakim partiyanı və onun namizədini dəstəkləməsi mümkün deyil. Xalq artıq Mixail Saakaşvili dövrünü nostaji hisslərlə xatırlayır, yenidən onun hakimiyyətə qayıtması arzusundadır. Bu baxımdan bu seçki əslində Mixail Saakaşvili və Bidzina İvanişvili arasında keçirilir”.
Şərhçi qeyd edib ki, seçkinin ikinci turunda saxtakarlıq olmasa, seçicilər Qriqol Vaşadzeyə səs verəcək:
“Müxalifət qalib gələrsə 2020-ci ildə keçiriləcək parlament seçkilərində İvanişvili məğlub olmaqla onun Gürcüstanda siyasi hakimiyyətinə son qoyular və ölkədə yenidən Saakaşvili dönəmi başlaya bilər. Gürcüstanda siyasi proseslər xalqdan aslıdır. Xalq buna istəsə, real dəstək versə, dəyişiklik mümkündür. Amma Bidzina İvanişvili asanlıqla hakimiyyətdən geri çəkilib, yenidən Saakaşvilinin hakimiyyətinə “yaşıl işıq” yandırılmasına imkan verməməyə çalışacaq. Saakaşvili hakimiyyətinin sonunda siyasi səhv edib, Bidzina İvanişviliyə yol açmaqla öz siyasi sonunu gətirdi. İvanişvili isə Saakaşvilinin Gürcüstana yolunu açmaqla öz siyasi sonunu gətirməməyə çalışacaq”.
M.Əsədullazadə onu da bildirib ki, Gürcüstanda müxalifət qalib gələrsə Azərbaycanla strateji tərəfdaşlıq yüksək səviyyədə olacaq, həmçinin Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılara münasibətdə müsbət siyasət yürüdüləcək:
“Məlumatlara görə, Gürcüstan azərbaycanlıları müxalif namizədə səs veriblər. Onların ikinci turda da Saakaşvilinin dəstəklədiyi namizədə səs verəcəkləri gözlənilir”.