“Forbes” jurnalının versiyası üzrə son on ildə Angela Merkel dünyanın ən nüfuzlu 100 qadını siyahısına rəhbərlik edib. Lakin oktyabrın 29-da o bildirib ki, 2021-ci ildə kansler vəzifəsini tərk edəcək və Xristian Demokratik İttifaqı Partiyasındakı bütün fəaliyyətlərdən əl çəkəcək. Merkel nə ilə xatırlanır və Almaniya onun rəhbərliyi dövründə necə dəyişilib? “RİA Novosti”nin materialında bundan bəhs olunur.
Kolun sevimli qızı
Kanslerin təmkinli imici var: Merkel eynirəngli peycək geyinir, üzük, qolbaq və sırğa gəzdirmir. Hətta onun təvazökarlığı və üzündən görünən qətiyyətsizliyi səbəbindən alman dilində “merkeln” feli yaranıb ki, bu da qətiyyətsiz, tərəddüdlü deməkdir.
Rəqiblər onu hədsiz dərəcədə yumşaq, liderlik keyfiyyətlərindən məhrum bir insan kimi qəbul edirlər və tələyə düşürlər. Alman jurnallarından biri idarəetməsinin ilk illərində Merkeli “Almaniyanın boz incisi” adlandırmışdı.
O, hakimiyyətə 2005-ci ildə gəlib: İlk qadın kansler, Almaniyanın ən gənc hökumət başçısı, təbiət elmləri üzrə təhsil almış ilk liderdir.
Merkel uşaqlıqdan çalışqan, məqsədyönlü və məsuliyyətli olub. Xüsusilə o, riyaziyyatı, ingilis və rus dillərini asanlıqla öyrənib. Rus dilini bilməsini o Vladimir Putinlə danışıqlarda tez-tez nümayiş etdirib.
Bir sözlə, gəncliyində heç nə dünyada ona ən nüfuzlu siyasətçilərindən biri statusunu vəd etmirdi: Karl Marks adına Leypsiq Universitetinin fizika fakültəsini bitirdikdən onra Angela dissertasiya müdafiə etdi və elmə baş vurdu.
O, böyük siyasətə Berlin divarlarının dağılmasından sonra gəldi və bu illər ərzində başgicəlləndirici karyera qurdu. Bu uğuru onun himayədarı kansler Helmut Kolun adı ilə bağlayırlar: o, bir ata kimi Angelanı “öz qızı” adlandırırdı və 1991-ci ildə onu gənclərin və qadınların işləri üzrə nazir təyin etdi.
Onların arasındakı münasibətlər səkkiz il sonra korlanıb. Həmin vaxt Merkel Xristian Demokrat İttifaqının baş katibi, Kol isə partiyanın fəxri sədri idi. Partiyanın “Siyasi partiyalar haqqında” qanundan kənar maliyyələşdirilməsi üzə çıxandan sonra qalmaqal yarandı. Məlum oldu ki, Kol hansısa sponsorlardan bir neçə milyon alman markası alıb. Kolun istefasını ilk olaraq “onun qızı” Merkel tələb etdi.
"ADR-də istehsal olunub"
Angelanın imici heç vaxt yaddaqalan olmayıb. Almanlar onu “təvazökar adi qadın” olduğuna görə seviblər. O, bir müsahibəsində deyirdi ki, asudə vaxtlarında sevdiyi kartof şorbası və ətli rulet bişirməyi, “Volkswagen Golf” avtomobili ilə mağazaya getməyi, tərəvəz yetişdirməyi xoşlayır. Buna görə onu nəvazişlə “Mutti” (“anacan”) deyə çağırır və kulinariya proqramlarının birinə dəvət ediblər.
Merkel Almaniya Demokratik Respublikasında doğulub. Ona görə də onda bəzi “sovet vərdişləri” qalıb. Həmin müsahibədə o bu barədə də danışıb. Angela deyirdi ki, mağazadakı bir rəfdə yerləşən əşyalar bəzən bəs etsə də, onlar yenə də almaqda davam edirdilər. Halbuki, bu onlara heç lazım deyildi. “Oturub ehtiyatını artırmağa meyl məndə dərindir və onunla izah olunur ki, insanlar qıtlıq şəraitində hər şeyi ardıcıl alırdılar”, – deyə kansler etiraf etmişdi. Bundan başqa, o, “supermarket” sözünə xeyli gec alışdı, onu “universam” adlandırmağa davam edirdi. Angela, həmçinin əsl “sovet yeməkləri”ni – leço, “selyanka”nı (balıq və ya mal ətindən bişirilən qatı və ədviyyəli şorba) və kababı çox xoşlayır.
Müşkül situasiyalar
Siyasi karyerası dövründə Merkel bir neçə dəfə qalmaqalların mərkəzində tuş gəlib. Məsələn, o, əvvəlki kansler Gerhard Şröderdən fərqli olaraq Amerikanın İraqda apardığı kampaniyanı dəstəklədi, eləcə də Vaşinqtona səfər etdi ki, bu da Almaniyada qəzəb yaratdı.
Xəcalət 2007-ci ildə Merkelin Berlində XIV Dalay-lamanı qəbul etməsi ilə yaşandı. Kanslerin xarici siyasət məsələləri üzrə müşavirləri sonradan Pekini inandırmağa məcbur oldular ki, Almaniya Çinin ərazi bütövlüyünə hörmətlə yanaşır və Tibet muxtariyyətətini tanımır.
Onun Bundestaqa seçkilərə 2 ay qalmış “Daxau” əsir düşərgəsini yarım ay ərzində iki dəfə ziyarət etməsi də birmənalı qarşılanmadı. Merkeli qınadılar ki, o, “XX əsrin əsas faciəsindən siyasi xal qazanmaq üçün istifadə edir”. Xatirə kompleksindən çıxdıqdan sonra onun pivə tərəfdarları ilə görüşə getməsi ilə isə odun üzərinə benzin töküldü.
Açıq qapı siyasəti
İkinci dünya müharibəsindən sonra Avropa üçün ən ciddi çağırış 2015-ci ildə “köhnə qitə”yə miqrantların və qaçqınların sürətli axını oldu. Əsas zərbə Almaniyaya dəydi. Angela Merkelin bəyanatı göstərdi ki, Almaniya açıq qapı siyasəti aparacaq.
Yazının sonunda qeyd olunur ki, əgər Merkelin aralıq dövrdəki fəaliyyətini qiymətləndirəsi olsaq, təkcə miqrantlar məsələsini və kanslerin siyasi yanlışlarını xatırlamaq lazım deyil, həm də onun rəhbərliyi altında hakimiyyətin nail olduğu iqtisadi uğurları qeyd etmək lazımdır. Bunu bir sıra ekspertlər də qeyd edirlər. Belə ki, 13 il ərzində almanların əmək haqları xeyli artıb, əmək şəraitləri yaxşılaşıb, dövlət büdcəsi profisit olub, işsizlik isə azalıb.