31 Oktyabr 2018 14:35
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Suriyada humanitar missiyada iştirak edəcəkləri barədə bəyanat verdi. Bununla Ermənistan Rusiyanın Suriya missiyasının iştirakçısına çevrildi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloq hesab edir ki, Ermənistanın Suriya missiyasında iştirak etməsi üçün beynəlxalq mandat almalıdır:

“Bu mandat olmadan Ermənistanın bu tərkibdə iştirak etməsi mümkün deyil. Bu, Ermənistan üçün böyük problemlər yarada bilər. Lakin Ermənistan yaltaqlıqla Rusiyanın rəğbətini qazanmaq üçün istənilən addımı atmağa hazırdır. Əslində, Ermənistan bununla böyük riskə gedir. Bu halda, Avropa və ABŞ-la üz-üzə gələ bilər. Şübhəsiz ki, Qərb Ermənistanın bu addımını birmənalı qarşılamayacaq.

Məlumdur ki, ABŞ Ermənistana maliyyə yardımı ayırır. 2016-cı ildə ABŞ Ermənistana ayırdığı 20 milyon dollar yardımın həcmini bu il 3 dəfə azaldıb. Digər yandan, Suriyadan köçən ermənilərin Ermənistanda yerləşdirilməsi üçün 47 milyon dollar yardımın ayrılacağı bildirilmişdi. Yəni, ABŞ Ermənistana ancaq bu istiqamətdə yardım etməyi planlaşdırırdı”.

Ramiyə Məmmədovanın sözlərinə görə, Ermənistanın Rusiyanın Suriya missiyasında iştirakı ABŞ-dan bu yardımların dayandırılmasına səbəb ola bilər: “Göründüyü kimi, Ermənistan çətin vəziyyətdədir. Bu ölkənin rəhbərliyi bilməlidir ki, Suriya böhranının həlli yaxın zamanda deyil. Bu, uzun zaman aparacaq problemdir. Buna görə də, Ermənistan iki hegemon güclərin arasında oynanılan futbol topuna çevrilə bilər. Bu baxımdan, neytral mövqedə dayanması Ermənistanın xeyrinə ola bilər. Əks halda, ciddi problemlər Ermənistanın üzləşdiyi çətin vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər