Gürcüstanın yeni prezidentinin kimliyinə seçkilərin ikinci turunda aydınlıq gətiriləcək. Dekabrın 2-də baş tutacaq ikinci turda əsas mübarizə hakim partiyanın namizədi Salomi Zurabişvili və müxalif koalisiyanın namizədi Qriqol Vaşadze arasında gedəcək.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu seçkilərə sabiq prezident Mixail Saakaşvilinin ciddi təsirləri var:
“Birinci turda Zurabişvilinin seçilməməsində Saakaşvili amilinin rolu vardı. Hakim Gürcü Arzusu Partiyasının siyasi səhvlərindən məharətlə istifadə edən Saakaşvili müxalif qüvvələri öz ətrafında birləşdirməklə, yenidən siyasi gücə çevrilə bildi. O, ölkədə yaşayan digər xalqların dəstəyini də, qazanmaqla İvanaşvilinin qarşısında qüvvəsini ortaya qoya bilir.
Bir məsələni də qeyd edim ki, Gürcüstan seçkilərinin nəticəsinə ciddi təsir göstərən əsas qüvvələrdən biri də orada yaşayan azərbaycanlılardır. Məhz azərbaycanlılar Mixail Saakaşvilinin dəstəklədiyi Vaşadzeyə səs verməklə ilkə imza ataraq, müxalif namizədi seçdilər.
Bununla azərbaycanlılar ölkənin siyasi taleyində mühüm rol oynadıqlarını nümayiş etdirdi. Saakaşvili də bundan istifadə edərək siyasi mövqeyini gücləndirməyə çalışır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, ikinci turda hakim partiya saxtakarlığa əl atmasa, Qriqol Vaşadze Gürcüstan prezidenti seçiləcək: “Vaşadze prezident seçilərsə, sabiq baş nazir Bidzina İvanaşvilinin siyasi mövqeləri xeyli zəifləyəcək. Bu, İvanişvili koalisiyasının parlamentdə sıxışdırılmasına da yol açacaq. Bundan sonra o, siyasətlə birdəfəlik vidalaşa bilər”.