2 Noyabr 2018 12:23
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra şahzadə Məhəmməd bin Salmanın nüfuzunun ciddi şəkildə zədələndiyini və ölkə rəhbərliyindəki mövqeyinin təhlükə qarşısında qaldığını yazıb.

Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post”da yer alan analitik məqalədə Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistanı və şahzadə Məhəmmədə ciddi problemlər yaradacağı bildirilir.

Məqalədə “ABŞ Prezidenti Donald Tramp 33 yaşlı şahzadə Məhəmməd bin Salmanın ən böyük dəstəkçisidir, lakin o da Qaşıqçı cinayətini ciddi-cəhdlə müzakirə edir” ifadəsinə yer verilib.

Trampın Səudiyyə Ərəbistanına silah satışının dayandırılması və digər istiqamətlərdə sanksiyaların tətbiq edilməsinə etinasız yanaşdığına vurğu edilən yazıda, buna baxmayaraq, Konqresin Ər-Riyada qarşı sanksiya tətbiq etməyə hazırlaşdığı iddia edilir.

Şahzadə Məhəmmədin ölkə rəhbərliyindəki mövqeyinin təhlükə qarşısında olduğu və Kral Salman bin Əbdüləziz üzərindəki təzyiqlərin artdığının dilə gətirildiyi materialda bu iddiaya da yer verilib: “Kral Əbdüləzizin Londonda yaşayan qardaşı şahzadə Əhməd bin Əbdüləzizin Səudiyyə Ərəbistanına qayıtdığına dair yayılmış məlumatlar taxtın sahibinin dəyişəcəyi ehtimalını artırıb. Ortaya atılan ssenarilərdən biri Məhəmməd bin Salmanın öz iqtidarını krallığa qarşı beynəlxalq etibarı təmin edəcək daha nüfuzlu qohumuyla bölüşdürməyə məcbur edilməsi ilə bağlıdır”.

Məqalədə Tramp administrasiyasının bin Salmanı Yəmən müharibəsi, Qətərə qarşı tətbiq edilən sanksiyalar və Livan Baş naziri Səid Həririnin qaçırılması kimi məsələlərdə dəstəklədiyi xatırladılır.

Qaşıqçı cinayətindən sonra vəziyyətin kəskin dəyişdiyinin iddia edildiyi məlumatda vurğulanır: “Səudiyyə Ərəbistanı vaxtilə Yəmən məsələsində beynəlxalq təzyiqlər qarşısında qalanda Tramp administrasiyası təkidlə Ər-Riyadı müdafiə edirdi, lakin Qaşıqçının öldürülməsindən sonra bu vəziyyət kəskin formada dəyişib”.

Məqalədə eyni zamanda, Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistanına dair hazırlanmış yeni planların həyata keçirilməsi üçün əvvəldən hazırlandığına da eyham vurulur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər