Ermənistan Baş naziri Nikol Paşinyan və onun siyasi komandasının yeganə dəstəkçisi cəmiyyətdir. Buna görə də, Paşinyan dekabrda keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün yaınız cəmiyyətin dəstəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.
Ekspertin sözlərinə görə, Paşinyan və tərəfdarları hələ də qələbə eyforiyasını yaşayır: “Hesab edirəm ki, Paşinyan cəmiyyət bu eyforiyadan ayılmamış seçkiləri keçirib qələbə qazanmaq niyyətindədir. Çünki mövcud hakimiyyətin bundan başqa siyasi resursu yoxdur.
Digər yandan, Paşinyan komandasının əsas problemi siyasi təcrübənin olmamasıdır. Vaxtilə hakimiyyətdə olmuş Respublikaçı Partiyasının isə siyasi resursları və təcrübəsi vardı. Bu da cəmiyyət və hökumət arasında boşluq yaradıb”.
Aleksandr İsgəndəryan Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub: “Hesab edirəm ki, münaqişə 2011-ci ildə “Kazan prinsipləri” üzərində gedən danışıqlar mərhələsində qalıb. Bu, həll prosesi yox, nəzarət qarşıdurmasıdır. Təmas xəttindəki son vəziyyətə gəlincə, ən azı qışa qədər sakitlik olacaq”.