Gürcüstanda prezident seçkilərinin ikinci turunun taleyini xalq həll edəcək. Əslində ikinci tur əvvəlcədən gözlənilirdi, çünki güclər təxminən bərabər idi. İkinci turda kimin qalib gələcəyini söyləmək çox çətindir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Gürcüstanda keçirilən prezident seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun fikrincə, nəzəri cəhətdən belə görünür ki, müxalifətin iki namizədi Qriqol Vaşadze və David Bakradze səslərini birləşdirəcəklər: “Bakradze bu barədə açıqlama verib. Amma 2 həftə ərzində kim daha fəal işləyib öz platformasını seçiciyə yaxşı təqdim edəcəksə, həmin şəxs prezident seçiləcək.
Gürcüstan bizə qonşu və dost dövlətdir, orada bizim 300 min soydaşımız yaşayır və istəyərdik ki, orada demokratiya qalib gəlsin, insan haqları daim qorunsun və sabitlik, əmin-amanlıq olsun. Xalq kimi özünə rəhbər seçəcək, Allah xeyir versin”.
Musa Quliyev seçki zamanı demokratik ab-havanın olduğunu söyləyib: “Vətəndaşlar üçün hər şərait yaradılmışdı. Müxalifət və iqtidar tərəfin nümayəndələri ilə söhbət elədik, heç kəs hər hansı qanun pozuntusunun olduğunu söyləmədi. Bəlkə də rayonlarda olub, biz Tiflisdə müşahidə aparmışdıq, paytaxtda pozuntu olubsa da, biz onu görməmişik”.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) prezident seçkilərinin ikinci turunun keçirilməsi tarixi ilə bağlı məsləhətləşmələrdə seçkilərin noyabrında 25-də keçirilməsi razılaşdırılıb.
Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” birliyinin namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.