CNN-in müxbiri Cim Akosta ABŞ Prezidenti Donald Trampın mətbuat konfransına buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkələrdə məlumat yayıb:
“Az əvvəl Ağ Evə daxil olmağıma icazə vermədilər. Məxfi xidmət saat 20:00-da baş tutacaq televiziya proqramı üçün Ağ Evə buraxılmayacağıma dair məni məlumatlandırdı”.
Ağ Evin sözçüsü Sara Sanders də CNN-nin müxbiri haqqında verilən qərarla bağlı açıqlama yayıb.
Sanders bildirib ki, Akosta ilə Tramp arasında baş vermiş gərginlik zamanı jurnalist ondan mikrofonu almağa cəhd edən Ağ Evin xanım əməkdaşına toxunub: “Prezident Tramp ona qarşı verilən kəskin sualları məmnuniyyətlə qarşılayır, amma biz Ağ Evdə işini görməyə çalışan gənc bir qadına toxunmağa icazə vermərik”.
Cim Akosta isə Tvitter hesabında Sara Sandersin bu açıqlamasını rədd edərək, deyilənlərin yalan olduğunu bəyan edib.
Xatırladaq ki, bundan əvvəlki mətbuat konfransı zamanı Tramla -Akosta arasında gərginlik yaranıb. Tramp jurnalistə “kobud və qaba bir insansan. İnsanlarla bu şəkildə davrana bilməzsən” deyib və mətbuat katibi Sara Sandersə işarə edərək Akostanın davranış tərzinin pis olduğunu söyləyib.
Bundan başqa, Tramp onu daima tənqid edən CNN kanalını “yalan xəbərlər” yaymaqda günahlandırıb.