İstanbulda Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və Azərbaycan Diaspor Gəncləri təşkilatının birgə təşəbbüsü ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı gənclər bayrağımızın ideoloqu, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin məzarını ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucu və başqanı Rəşid Mustafazadə 9 noyabr Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışaraq bayrağın bir xalq üçün mənəvi və ideoloji cəhətdən nə qədər önəmli olduğunu vurğulayıb.
Azərbaycan Diaspor Gəncləri təşkilatının Türkiyə koordinatoru Ziya Süleymanlı çıxış edərək üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd edib.
Tədbirə qonaq qismində qatılan araşdırmaçı-jurnalist Dilqəm Əhməd Əli bəy Hüseynzadənin həyatı, fəaliyyət və yaradıcılığı barədə təfərrüatlı məlumat verərək, onun bugünkü üçrəngli bayrağımızın yaradılmasında verdiyi töhfələrdən söz açıb.
Daha sonra gənclər Əli bəy Hüseynzadənin ruhuna dualar oxuyaraq məzarı ətrafında abadlıq-təmizlik işləri aparıblar.