ABŞ Prezidenti Donald Tramp Kaliforniyada meşə yanğınlarına görə yerli hakimiyyət orqanlarını ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə sərf olunmayacağı təqdirdə onun dayandırılacağını bildirib.
“Kaliforniyada insan ölümü ilə nəticələnən və maddi itkilərlə müşayiət olunan bu yanğınların yeganə səbəbi meşə təsərrüfatının pis idarə olunmasıdır. Hər il milyardlarla dollar ayrılır, ancaq meşə təsərrüfatının pis idarə olunması nəticəsində insanlar həlak olur. Problemi təcili həll edin, yoxsa daha federal vəsaitlər ayrılmayacaq”, – deyə Tramp “Tvitter”də yazıb.
Qeyd edək ki, Kaliforniya ştatında sürətlə yayılan meşə yanğınları nəticəsində 9 nəfər həlak olub. Təbii fəlakətdən daha çox zərər çəkən Paradays şəhərinin bütün əhalisi təxliyə edilib.
Yanğının sahəsi 36 min hektara çatıb. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.