"Washington Post" qəzetinin İdarə Heyəti jurnalist Camal Qaşıqçının qətlilə bağlı ABŞ Konqresinə çağırış edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə Qaşıqçının qətlinin arxasında Səudiyyə hökumətinin durduğunu bildirib.
"Əslində Tramp administrasiyası da yaxşı bilir ki, Səudiyyə hökuməti jurnalistin qətlilə bağlı heç bir təhqiqat aparmır. Sadəcə özlərini bacarıqsız şəkildə tədqiqat aparırlarmış kimi göstərməyə çalışırlar və daha çox cinayəti ört-basdır etmək istəyirlər. Bu günə qədər Tramp administrasiyası Səudiyyə hökumətinin Camal Qaşıqçının qətlini ört-basdır etməsinə dəstək verdi. Konqres də buna dəstək verəcəkmi?", deyə çağırışda bildirilir.
Qeyd edək ki, tanınmış səudiyyəli jurnalist, "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyənin Baş Prokurorluğu istintaqın yekunlarına əsasən belə qənaətə gəlib ki, jurnalist planlaşdırılmış qətlin qurbanı olub
Qaşıqçı diplomatik missiyanın binasına girəndən dərhal sonra boğulub. Qatillər daha sonra jurnalistin cəsədini parçalayıblar.