Bakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daxili məsələsinin müzakirəsi doğru deyil.
Teleqraf.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşü barədə danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan KTMT-yə 6 üzv ölkənin kollektiv təhlükəsizlik məsələlərinə aid meydança kimi baxır: “Təşkilatın daxilində həlli vacib problemlər var. Bu situasiyada belə müzakirə doğru deyil”.
Anna Naqdalyan qeyd edib ki, KTMT-nin effektivliyinin artması Ermənistan üçün başlanğıcdır.
Qeyd edək ki, Belarus prezidenti ilə Lətif Qəndilovla görüş keçirilib. Görüşdə KTMT-nin Astana sammiti barədə də söhbət aparılıb. Aleksandr Lukaşenko Belarusla Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb. O həmçinin humanitar sahədə Belarus-Azərbaycan əməkdaşlığına, xüsusən də təhsil əlaqələrinə diqqət yetirib və bildirib ki, Belarusda 500-ə yaxın azərbaycanlı təhsil alır: “Bizim qapılar Azərbaycan üçün açıqdır”.
Görüşdə Belarus prezidenti Ermənistana da ismarış göndərib: “Problem budur ki, Nikol Paşinyan Avrasiya İttifaqı və KTMT-yə keçid edən bir ölkəni öz hökumətilə qurmaqla məşğuldur. Ermənistan bu yükün altından çıxa biləcəkmi? Əgər Paşinyan bizi başa düşsə, Sankt-Peterburqda görüşəcəyik”.
Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açılan Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi postundan uzaqlaşdırılıb. Bundan sonra dönəm rəhbərliyi vaxtından tez Belarusa keçib. Ermənistan ittifaqa 2020-ci ilədək rəhbərlik etməli idi.