Baltik Assambleyası Latviya, Litva və Estoniyaya müttəfiqlərinin silahlı qüvvələrinin hava, quru və dənizdə hərəkətini sadələşdirməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə assambleyanın qəbul etdiyi sənədlərdə deyilir.
“Rusiya Silahlı Qüvvələrinin təxribatçı hərəkətləri üzündən yaranan təhdidlərə qarşı NATO tərəfindən müdafiə tədbirlərinin görülməsi vacibdir”, – deyə sənəddə qeyd olunur.
Qeyd edilir ki, Moskva Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozub, regionun sərhədləri yaxınlığında irimiqyaslı təlimlər keçirib və qərb istiqamətində hərbi hücum ssenariləri işləyib.
Öz növbəsində Moskva bəyan edib ki, Rusiya alyansın heç bir üzvünə, yaxud da digər ölkəyə hücum etməyə hazırlaşmır. Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Polşa və Baltikyanı ölkələrin isteriyası fonunda Rusiya sərhədləri yaxınlığında NATO qoşunlarının sayı yeddi dəfə artıb.