Dubay şəhərinin yol sistemində qəza ehtimalını müəyyən edəcək yeni “Smart traffics” intellektual layihəsi həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, 590 milyon dirhəm vəsait ayrılmış bu layihə Birləşmiş Ərəb Əmirliklərində şəhərlərin yol-nəqliyyat şəbəkəsinə intellektual sistemlə nəzarət etmək vasitəsilə yol hərəkətinin modernləşdirilməsi və təkmilləşdirilməsini nəzərdə tutur.
İntellektual nəqliyyat sistemi sayəsində yol hərəkətinin problemli hissələri aşkar ediləcək, bədbəxt hadisələrin qarşısı alınacaq və nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin olunacaq. Layihədə, həmçinin intellektual sistemin genişləndirilməsi vasitəsilə Dubaydakı yol şəbəkəsinin əhatə dairəsinin 11 faizdən 60 faizə çatdırılması nəzərdə tutulur ki, bu da qəzaların müəyyən olunması vaxtının qısaldılması və təcili tədbirlərin görülməsinə imkan verəcək. Yeni sistem “Expo 2020” kimi böyük tədbirlərdə ictimaiyyətin məlumatlandırılması baxımından da əhəmiyyətlidir.
“Smart traffics” intellektual sistemi ən müasir videomüşahidə kameraları, hava haqqında məlumat verən cihazlar və yollarda vəziyyət barədə sürücülər üçün informasiyaları əks etdirən lövhələrdən ibarətdir.