21 Noyabr 2018 13:35
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə koalisiya hökumətinin müttəfiqlərindən biri olan Yəhudi Evi Partiyasının lideri, Təhsil naziri Naftali Bennet Baş nazir Binyamin Netanyahu rəhbərliyində hökumətə dəstəyə davam edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkənin əsas siyasi fiqurlarından hesab edilən Bennet İsrailin təhlükəsizliyi üçün ciddi təhdidlərin yarandığını bildirib.

O, Aviqdor Libermanın istefaya getməsindən sonra boş qalan müdafiə naziri postuna keçəcəyi ilə bağlı sualları da cavablandırıb: “Baş nazirin yanında dayanmağa davam edəcəyəm. Onun (Libermanı nəzərdə tutur-red.) hökuməti erkən seçkilərə çağırmaq tələbi yerinə yetirməyəcəyik”.

Naftali Bennett mövcud hakimiyyətin təhlükəsizlik siyasətini tənqid edib: “İsrailin təhlükəsizlik gəmisi yanlış sularda üzür”.

Bundan əvvəl Baş nazir Binyamin Netanyahu da erkən seçki qərarının İsrailin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirərək, Libermanın tələbini geri çevirib. Hökumətdə təmsil olunan Liberman tərəfdarları isə erkən seçkilərə getməkdə israrlıdır.

Qeyd edək ki, keçmiş müdafiə naziri Aviqdor Liberman Netanyahu hökumətinin Qəzzada Fələstinlə (HƏMAS) atəşkəs anlaşmasına etiraz olaraq, istefa verib. Libermanın istefası İsraildə siyasi böhrana səbəb olub.

Paytaxt Təl-Əviv və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirən insanlar hökumətdən erkən seçki tələb edirlər. Növbədənkənar seçkilər keçiriləcəyi halda, hazırkı baş nazir Binyamin Netanyahunun öz postunu itirəcəyi gözləniləndir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər