21 Noyabr 2018 16:53
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan KTMT-yə üzv olanda heç kəsin – nə Belarusun, nə də Qazaxıstanın ölkəmizin təhlükəsizliyinə zəmanət verəcəyini gözləmirdik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim Respublikaçı Partiyasından olan deputat Samvel Fərmanyan deyib.

Fərmanyan qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyü Rusiya ilə hərbi-siyasi işbirliyinin tərkib hissəsinə daxildir:

“Səmimi olmaq lazımdır. Bu reallığı qəbul etməsək, məyus olacağıq. Əminəm ki, KTMT-yə üzv olarkən, heç kəs – nə Belarus, nə də Qazaxıstan təhlükəsizliyimizə zəmanət verməmişdi. Buna görə də, indiki halda Rusiya ilə hərbi-siyasi işbirliyini genişləndirmək ən doğru qərardı. Buna görə də bu təşkilata üzv olan bütün üzvlərin hamısının Ermənistanın maraqlarından çıxış edəcəyini gözləmək doğru deyil”.

Respublikaçı Partiyasından olan digər deputat Ayk Babuxanyan isə Ermənistan rəhbərliyinin KTMT üzvlərinə qarşı sərt ritorikasını tənqid edib:

O, hökuməti müttəfiq dövlətlərlə münasibətlərdə həssas olmağa çağırıb: “Müttəfiqlərlə normal münasibətlərin davam etdirməyin yollarını tapmaq lazımdır. Lakin hökumət bunun yerinə, Ermənistanın sözügedən ölkələrlə münasibətlərini təhlükə qarşısında qoyub. Vəziyyət təhlükəli mərhələyə keçib.

Ermənistanın müttəfiqləri ilə gərginliyi bizi narahat edir. Maraqlıdır ki, KTMT-dəki müttəfiqlərimiz bizi yumşaq tənqid edəndə Ermənistan rəhbərliyi buna sərt reaksiya verir, ABŞ isə sərt tənqid edəndə, hətta təhdid edəndə belə yumşaq davranır.

Məsələn, baş nazirimiz onu yumşaq dillə tənqid edən Vladimir Putindən Ermənistanın daxili işlərinə qarışmamasını istəyir. Con Bolton isə İrəvana gəlir və Ermənistana xəbərdarlıq edir ki, Rusiya ilə münasibətləri dayandırın və münaqişəli əraziləri geri qaytarın, amma baş nazirimiz bunu ABŞ-ın Ermənistanın daxili işlərinə qarışması kimi qəbul etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər