İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Ər-Riyadı jurnalist Camal Qaşıqçını öldürməkdə ittiham etməsinə baxmayaraq, Donald Trampın Səudiyyə Ərəbistanını dəstəkləməsini “utandırıcı” adlandırıb.
Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı bu barədə Tvitter hesabında yazıb.
C.Zərif ABŞ prezidentinin Qaşıqçı cinayəti ilə bağlı fikirlərini və İranı təhdid edən bəyanatlarını belə şərh edib:
“Tramp qəribə bir şəkildə Səudiyyə vəhşiliyi haqda utandırıcı açıqlamasının ilk paraqrafını İranı ağlına gələn bütün pis fikirlərlə ittiham etməyə həsr edib”.
Trampın Kaliforniyadakı yanğınla bağlı verdiyi və sosial şəbəkədə məsxərəyə qoyulan “Finlandiyalılar torpaqlarının böyük hissəsini tutan meşələri dırmıqla təmizlədikləri üçün yanğın baş vermir” açıqlamasına Zərif ironiya ilə cavab verib:
“Bəlkə Kaliforniyadakı yanğının da məsuliyyəti bizdədir. Çünki finlandiyalılar kimi onların meşələrini dırmıqlamağa kömək etmədik”.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp Səudiyyə Ərəbistanı ilə bağlı yayımladığı yazılı açıqlamada Yəmən, Suriya, Livan və İraqdakı qeyri-sabitliyə görə İranı ittiham edib.
Səudiyyə Ərəbistanının İranla mübarizədə Vaşinqtonun ən vacib müttəfiqi olduğunu deyən Ağ Ev rəhbəri, Ər-Riyadı “ABŞ-ın imtinaedilməz portnyoru” adlandırıb.