Güney Azərbaycanın Ərdəbil həbsxanasının məhbusları “Doğum günü şənliyi” adı altında işgəncəyə məruz qaldıqlarını iddia ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə həbsxananın bir qrup məhbusu BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana açıq məktub ünvanlayaraq, həbsxanada baş verənlərlə bağlı onu məlumatlandırıblar.
Məktubda qeyd olunub ki, məhbuslar hansısa əməldə şübhəli bilindiyi vaxt həbsxananın işgəncə alətləri ilə təchiz olunmuş karantin bölməsinə aparılır.
Dustaqlar həbsxana rəhbərliyinin bu işgəncə prosesinə “Doğum günü şənliyi” adını verdiyini deyiblər.
İşgəncə prosesi bundan ibarətdir ki, əvvəlcə məhbusu zəncirlə divar və ya döşəməyə bağlayır, sonra başına kisə keçirirlər. Daha sonra məhbus dəyənək, yumruq, təpik və elektrikkeçirici alətlə döyülür. Bu işgəncə bir həftə ərzində 4 dəfə icra olunur.
Məhbuslar “Doğum günü şənliyi”nin Fərhad Novruzi, Rəhman Söhrabi və Məhəmməd Nemətpur adlı polislər tərəfindən həyata keçirildiyini bildiriblər.
Qeyd olunub ki, həbsxananın rəisi Yəqub Sərbaz Coda və təhlükəsizlik bölməsinin rəisi Pərviz Surazər xüsusi vəziyyətlər yarandıqda işgəncə prosesinə müdaxilə edir.
Məhbuslar məktubda Cavid Rəhmanı məsələni araşdırmağa çağırıblar.