Sabah Gürcüstanda prezident seçkilərinin II turu keçiriləcək. Seçkilərdə hakim Gürcü Arzusu Partiyası müstəqil namizəd Salome Zurabişvilini, ölkənin real müxalifət qüvvələri isə Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyir. Gürcüstan seçkiləri həm Saakaşvili-İvanaşvili, həm də Rusiya-Qərb qarşıdurması kimi xarakterizə olunur.
Seçkiyə bir gün qalmış hakim Gürcü Arzusu və müxalif Milli Hərəkat Partiyasının funksionerləri gözləntilərini Teleqaraf.com-a açıqlayıb.
Müxalif Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanov deyib ki, hakimiyyət partiyası seçkilərin II turu ilə əlaqədar bütün sərhədləri aşaraq insanlara qarşı basqı, təzyiqlər edir:
“Onların namizədinə səs verməyən insanlara, iş adamlarına təzyiq var. Hər kəsə deyirlər ki, seçkilərdə onların namizədi Salome Zurabişviliyə səs verin. Azərbaycanlıların yaşadığı regionlarda isə kartofla, soğanla, 10, 20 lariyə insanları ələ almağa çalışırlar. Təəssüflər olsun ki, bunu edənlər elə öz soydaşlarımızdır.
Yeri gəlmişkən, dünən Bakıdan Üzeyir adlı müğənnini Marneuliyə gətirərək hakimiyyətə dəstək xarakterli konsert veriblər. Ancaq etiraz olaraq insanlar konsertə getməyib. Fikrimcə, Gürcü Arzusu artıq bitib”.
Azər Süleymanov: “Müxalifətin namizədi seçkini böyük fərqlə udacaq”
Saakaşvilinin silahdaşı əlavə edib ki, artıq hakimiyyət partiyası seçkini uduzub və sabahdan onlar üçün keçmiş başlayacaq:
“Bu həqiqəti özləri də bilirlər. Onlar 6 ildə insanların zamanını əlindən aldılar, alçaldılar. Ona görə də, hamı qərara gəlib ki, hakimiyyətin müdafiə etdiyi namizədə səs verməsin. İki gün əvvəl rəy sorğusuna görə, bizim namizədimiz Müxalif Qriqol Vaşadze 52 faiz səslə birincidir. Hökumətin namizədi isə 48 faiz səs toplayıb. Sizi inandırıram ki, hakimiyyət namizədinin dəstəyi 20 faizdən azdır”.
A.Süleymanov əlavə edib ki, əgər hakimiyyət seçkini saxtalaşdırmağa çalışsa, müxalifət bunun qarşısını almaq üçün əlindən gələni edəcək:
“Yerlərdə fəallarımız çox güclüdür və seçkinin saxtalaşdırılmasına imkan verilməyəcək. Əgər seçki saxtalaşdırılsa, 100 minlərlə insan etiraz edəcək. Bunu hakimiyyət bildiyi üçün belə addıma getməz. Azad və demokratik seçkilərdə bizim namizədimiz böyük səs fərqi ilə udacaq. Biz qələbəyə köklənmişik. Müxalifət olaraq qarşıdurma və ikinci inqilab istəmirik, amma səsimizi qorumağa da hazırıq. Biz 2012-ci ildə seçkini uduzduq və qərara gəldik ki, inqilabı seçki məntəqələrində edək. Hakimiyyəti asan formada indiki iqtidara verdik”.
Mahir Dərziyev: “Birinci turda müəyyən taktiki səhvlər olmuşdu”
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının funksioneri, deputat Mahir Dərziyev bildirib ki, onların dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvilini inamlı qələbə əldə edəcək:
“Buna heç bir şübhə yoxdur. Nüfuzlu reytinq agentliyinin keçirdiyi sorğunun nəticələri dediyimi təsdiq edir. Bundan başqa, birinci turdan sonra keçən dövrdə partiyamız gücünü səfərbər etdi, buraxılan səhvlərin analizi aparıldı və nəticələr çıxarıldı. Birinci turda müəyyən taktiki səhvlər olmuşdu. Mən əminəm ki, sabah bizim partiyanın dəstəklədiyi namizəd qələbə əldə edəcək”.
M.Dərziyev əlavə edib ki, guya azərbaycanlıların yaşadığı ərazidə insanların qorxudulduğu haqda müxalifətin iddiaları əsassızdır.
Onun sözlərinə görə, belə faktlar ümumiyyətlə, qeydə alınmayıb:
“Bu iddialar həqiqət deyil. Müxalifət seçkilərin birinci turunda da guya kütləvi saxtakarlığın olması haqqında məlumat yaymışdı. Bizdə müxalifətin cığallığı hər kəsə bəllidir. Ancaq sonra aydın oldu ki, az sayda pozuntular qeydə alınıb və onlar da cinayət xarakterli olmayan pozuntulardır. Elə seçkinin II tura qalması Gürcüstanda demokratiyanın bərqərar olmasının təzahürüdür. Əgər müxalifətin iddia etdiyi kimi, seçki saxtakarlığı, insanları qorxutmaq kimi hallar olsaydı, onda seçkilər heç II tura qalmazdı. Bu mənada səsləndirilən iddialar yersizdir. Nəzərə almaq lazımdır ki, seçkiləri beynəlxalq müşahidəçilər izləyir. Onların təbrincə desək, Gürcüstanda demokratik, azad və beynəlxalq standartlara uyğun seçkilər keçirilir. Gürcü Arzusu 2012-ci ildən hakimiyyətə gəlib və bu müddətdə keçirilən seçkilər haqqında tanınmış beynəlxalq təşkilatlar istinadsız müsbət bəyanatlar səsləndirib”.
Azərbaycanlıların yaşadığı bölgələrdə insanların qorxudulması, pulla ələ alınması kimi faktların olmadığı, ümumən azərbaycanlıların seçkilərdə əlahiddə təcrid edilməsi hallarının olmadığını deyən M.Dərziyev əlavə edib ki, soydaşlarımızın kompakt yaşadığı bölgə ölkənin tərkib hissəsidir: “Azərbaycanlılar ölkədə inteqrasiya prosesində böyük uğurlar əldə ediblər. Həm də soydaşlarımızın yüksək fəallığı müşahidə olunur. Bir mənalı olaraq, nə azərbaycanlıya, nə gürcüyə, nə də başqa millətdən olan vətəndaşlara qarşı heç bir təhdiddən söhbət gedə bilməz”.