Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan öz proqramında ABŞ-la münasibətlərə o qədər də əhəmiyyət verməyib.
Teleqrafı.com xəbər verir ki, bu iddianı erməni politoloq Suren Sərkisyan irəli sürüb.
Politoloq bununla bağlı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Anlaşması” blokuna müraciət edib:
“Baş nazirin “Vətəndaş Anlaşması” bloku bir məsələyə aydınlıq gətirsə, yaxşı olardı. Blokun proqramında Birləşmiş Ştatlarla münasibətlərimiz üzrə yalnız bu qeyd var: “Biz iqtisadiyyat, elm və təhsilin müxtəlif sahələrində Birləşmiş Ştatlarla dostluq, tərəfdaşlıq əlaqələrini inkişaf etdirəcəyik”.
Niyə biz siyasi münasibətləri (Konqres daxil olmaqla), hərbi (Pentaqon, xüsusi xidmət orqanları daxil olmaqla) və terrorizmə qarşı mübarizədə əməkdaşlığı inkişaf etdirməyəcəyik? Bunu başa düşmək istərdim. Vaşinqton bizə müxtəlif proqramlar vasitəsilə hərbi yardım göstərir və Kanzas Qvardiyasını xatırlatmır.
Əgər bu, Con Boltonun Ermənistan əleyhinə səsləndirdiyi ifadələrə cavabdırsa, o zaman, ortada başqa məqamlar var”.
Suren Sərkisyan ABŞ Prezidentinin müşaviri Con Boltonun İrəvanda olarkən Nikol Paşinyanın ona verdiyi vədləri xatırladır və indi də bu vədləri yerinə yetirməkdən boyun qaçırdığını bildirir.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.