Ermənistanın Baş naziri vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan Azərbaycan ordusuna əsir düşmüş kəşfiyyatçı Karen Kazaryanın valideynləri ilə görüşəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Noyemberyan rayonunda seçiciləri ilə görüşündə bildirib:
“Azərbaycanda əsir saxlanılan Kazaryanın valideynləri ilə görüşəcəyəm. Həyat yoldaşım onlarla iki dəfə görüşüb”.
Ermənistan başçısı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində əsir saxlanılan Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovdan da danışıb.
O, separatçı rejimin qondarma məhkəməsinin 20 il azadlıqdan məhrum etdiyi Azərbaycan vətəndaşlarının “cəzaları” bitənədək Qarabağda qalacağını deyib.
Ermənistan rəhbəri Karen Kazaryanın azərbaycanlı kəşfiyyatçılar tərəfindən evindən oğurlanması ilə bağlı erməni mediasında yayılmış məlumatlara da aydınlıq gətirib:
“Belə bir iddia var. Amma bu, sübut edilməmiş iddiadır. Bunu Silahlı Qüvvələrin nümayəndələri ilə müzakirə edəcəyəm”.
Qeyd edək ki, Ermənistanın Berdavan rayonunda Karen Kazaryanın azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.