29 Noyabr 2018 13:16
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərin ikinci turunda qalib gələn Salome Zurabişvilinin maraqlı bioqrafiyası var.

Teleqraf.com-un apardığı kiçik araşdırma bu qənaətə gəlməyə əsas verir. Belə ki, S.Zurabişvili 18 mart 1952-ci ildə Fransada məşhur gürcü siyasi mühacir Levan Zurabişvilinin (1906-1975) ailəsində dünyaya gəlib. L.Zurabişvili və onun həyat yoldaşı, gələcək prezidentin anası Zeynəb Kedia 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olublar.

S.Zurabişvilinin ata babası – İvan İvanoviç Zurabişvili 1918-1921-ci illərdə mövcud olmuş müstəqil Gürcüstanın menşevik hökumətinin üzvü, ulu babası Niko Nikoladze isə Gürcüstan dəmir yolunun tikintisinin təşəbbüskarı və Potidə dəniz limanının yaradıcısı olub. Onlar hər ikisi “gürcü millətinin atası” sayılan yazıçı və ictimai xadimi İlya Çavçavadzenin silahdaşı olub.

S.Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə ABŞ-da Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində işləməyə başlayıb.

1974-1977-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin üçüncü katibi, 1977-1980-ci illərdə Fransanın BMT-dəki Daimi Nümayəndəliyinin ikinci katibi olub.

1980-1984-cü illərdə Fransa xarici siyasət idarəsinin aparatında analiz və proqnozlaşdırmalar mərkəzinin əməkdaşı olub.

1984-1988-ci illərdə Fransanın ABŞ-dakı səfirliyinin birinci katibi işləyib.

1989-1992-ci illərdə Çaddakı səfirliyin ikinci katibi postunu tutub.

Elə həmin il Fransanın NATO-dakı Daimi Nümayəndəliyinin birinci katibi təyin olunub, 1993-cü ildə isə Fransanın Avropa İttifaqındakı Daimi Nümayəndəliyi sədrinin müavini olub.

1996-cı ildən Fransa Nazirlər Kabinetinin texniki müşaviri, 1997-ci ildə Fransa XİN-in inspektoru təyin edilib.

1998-2001-ci illərdə XİN-in strategiya, təhlükəsizlik və silahsızlaşdırma idarəsində işləyib.

2001-ci ildə Fransa Milli Müdafiə Baş Katibliyinin beynəlxalq məsələlər və strategiya üzrə başçısı təyin olunub.

2003-cü ildə Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub.

2004-cü ilin martın 18-də Gürcüstanın yeni seçilmiş prezidenti və “Qızılgül inqilabı”nın lideri Mixail Saakaşvili Tedo Çaparidzenin xarici işlər naziri vəzifəsindən çıxararaq onun yerinə S.Zurabişvilini təyin edib. Saakaşvili bu məsələni Fransa Prezidenti Jak Şirakla müzakirə etmiş və bundan sonra “Gürcüstanda heç vaxt bu cür diplomat olmayıb” demişdi. Zurabişvili özü isə KİV-ə açıqlamasında bu təkliflə dərhal razılaşdığını və uşaqlıqdan Gürcüstan diplomatik xidmətinə rəhbərlik etmək arzusunda olduğunu bildirmişdi.

S.Zurabişvili hesab edir ki, xarici işlər naziri postunda ən böyük uğurlarından biri ölkədən Rusiya hərbi bazasının çıxarılması barədə qərar qəbul edilməsidir. O, hətta çıxışlarının birində bunu tarixi nailiyyət adlandırmışdı.

S.Zurabişvili 19 oktyabr 2005-ci ildə işdən çıxarılır. Gela Bejuaşvili Gürcüstanın yeni xarici işlər naziri olur. İşdən çıxarıldıqdan sonra o, “Rustavi-2” telekanalında parlament çoxluğuna malik “Vahid Milli Hərəkat Partiyası”nı və şəxsən parlamentin spikeri Nino Burcanadzeni kəskin tənqid edir, onları ölkədə “klan diktaturası” yaratmaqda ittiham edir.

Bir ay sonra S.Zurabişvili “Salome Zurabişvilinin ictimai hərəkatı” adlı müxalif qurum yaradır, 2006-cı ilin martında qurum “Gürcüstanın yolu” adlı siyasi partiyaya çevrilir. Eks-nazir Gürcüstanın əsas xarici tərəfdaşının ABŞ olduğunu bəyan edir. Bununla belə, Rusiya ilə münasibətlərin normallşdırılmasının vacibliyini vurğulayır, Gürcüstan siyasi elitasının Moskvaya münasibətdə çox aqressiv davrandığını açıqlayır.

2006-cı ilin sentyabrında 10 müxalifət partiyası, o cümlədən “Gürcüstanın yolu” prezident Saakaşviliyə qarşı koalisiya yaradır. Beləliklə, S.Zurabişvili M.Saakaşvilinin ən qatı əleyhdarlarından və tənqidçilərindən birinə çevrilir. O, 2008-ci il avqust müharibəsinə görə Saakaşvili hakimiyyətini günahlandırır və cinayət törətdiyini mütəmadi olaraq təkrarlayırdı.

Zurabişvili 2010-cu ilin noyabrında partiyasını Kaxa Seturidzeyə təhvil verərək Gürcüstan siyasətindən getdiyini bəyan edir. O, öz fikirlərini Gürcüstanda demokratiyanın olmaması və müxalifətin ölkədə fəaliyyət göstərə bilməməsi ilə izah edir. Daha sonra onun BMT Təhlükəsizlik Şurasının İrana sanksiyalarla bağlı komissiyasına başçılıq etdiyinə dair məlumat yayılır.

2018-ci ildə S.Zurabişvili Gürcüstan prezidentliyinə əsas namizədlərdən biri hesab olunurdu. O, müstəqil namizəd kimi çıxış edirdi. Ancaq hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyası S.Zurabişvilini dəstəkləmək barədə qərar qəbul edir. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze hakim partiyanın Siyasi Şurasının sentyabrın 9-da keçirilən iclasından sonra bildirdi ki, partiya namizədə hər cür köməklik göstərəcək.

Qeyd edək ki, “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyası seçkidə öz namizədini irəli sürməmişdi. Lakin hakim partiya baxışları və siyasi kursu ilə üst-üstə düşən müstəqil namizədi dəstəkləyəcəyini bəyan etmişdi.

S.Zurabişvili Fransanın Fəxri Legion ordeninin və Fransa Respublikası şərəfinə təsis edilmiş Milli Ordenin kavaleridir. İkili – Fransa və Gürcüstan vətəndaşlığına malikdir. Fransız və gürcü dilləri ilə yanaşı rus, ingilis, alman və italyan dillərini bilir. Keçmiş sovet dissidenti və jurnalist Janri Kaşiya (2012-ci idı Parisdə vəfat edib) ilə evli olub. Cütlüyün 2 övladı var – qızları Ketevani və oğulları Teymuraz.

S.Zurabişvili uzun müddət – 30 ilə yaxın diplomatik sahədə çalışmasına baxmayaraq nazir olduğu dövrdə İstanbulu Konstantinopol adlandıraraq diplomatik etiketə sığmayan hərəkət etmişdi. Həmin vaxt Türkiyə ilə Gürcüstan arasında bu məsələ ilə bağlı ciddi narazılıq yaranmışdı.

S.Zurabişvili dünən keçirilən seçkidə bülletenlərin 99,7 faizinin sayılmasından sonra 59,56 faiz səs toplayaraq özü üçün qələbəni təmin edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər