İkinci Dünya Müharibəsindən güclənərək çıxan SSRİ dünyanın yenidən bölüşdürülməsi barədə çıxışlar etməyə başlayır. Bu zaman SSRİ-nin avtoritar lideri İosif Stalin Türkiyədən Qars və Ərdahanı tələb edir. Həmin dövrdə Stalinin məqsədi Türkiyəyə qoşun göndərib, ora sosializmi ixrac edib, Türkiyəni özünə birləşdirmək idi. Bu isə çox böyük fəlakətin carçısı olacaqdı.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, ruslar I Pyotrun vəsiyyətini həyata keçirməyi, İstanbulu ələ keçirməyi planlaşdırırdı:
“Həmin dövrdə bir çoxları dövrün Türkiyə Prezidenti İsmət İnönüdən paytaxtı təcili Ankaradan İstanbula köçürməyi belə xahiş edirlər. Lakin siyasətdə mahir olan İnönü daha fərqli yol tutur, Qərbin qapısını döyür. İnönü ölkənin NATO-ya girməsini istəyirdi. Bunun qarşılığında hətta demokratik seçki keçirməyi belə qəbul edərək hakimiyyəti təhvil verməyə razı olur. Onun bu siyasətini yeni hakimiyyətə gələn Demokrat Partiya da davam etdirir. Nəticədə 1952-ci ildə Türkiyə NATO-ya rəsmən üzv olur və sovet işğalı təhlükəsindən qurtulur”.
Z.Əmrəliyev qeyd edib ki, oxşar tarixi ssenari keçmiş sovet ölkələri, xüsusilə Gürcüstan və Ukrayna üçün də keçərli idi:
“Gürcüstan Mixail Saakaşvili, Ukrayna isə Viktor Yuşşenko dövründə Qərbə inteqrasiya yolu tutmuşdu. Bu ölkələrin NATO-ya üzvlük məsələsi çoxdan müzakirə mövzusu idi. Ancaq Qərb dövlətləri bu ölkələri gözlətdi. Nəticədə 2008-ci ildə Gürcüstanda, 6 il sonra – 2014-cü ildə isə Ukraynada məlum hadisələr baş verdi.
Gəlin, düşünək. Əgər Ukrayna Gürcüstan hadisəsindən az sonra NATO-ya üzv qəbul edilsəydi Rusiya Krımı işğal edib Donetsk və Luqanskda separatçı bölgələr yarada bilərdimi? Zənnimcə, yox. Bəs niyə Qərb bu ölkələri tam öz sırasına qatmaq istəmir? Avropada dərk etməlidirlər ki, ən böyük rəqibləri onların susqunluğundan gen-bol istifadə edir və edəcək.
Qərb liderləri 60 il öncəki siyasətlərini həyata keçirə bilmədilər. Nəticə isə bu günki mənzərə oldu”.