ABŞ Dövlət Departamenti terrorçuların noyabrın sonlarında Suriyanın Hələb bölgəsinə kimyəvi silahlarla hücum etmədiyini bildirmiş, hökumət qüvvələrini ittiham eləmişdi.
Rusiya Müdafiə Nazirliyi isə bəyanat yayaraq, çoxlu sayda insanın həlak olması ilə yadda qalan hadisəyə görə ABŞ-ı günahlandırıb.
Teleqraf.com xəbər verir ki, nazirlik ABŞ-ı bölgədəki terrorçu qruplaşmalara (“Ağ Dəbilqəlilər”) dəstək verməkdə ittiham edib.
Məlumatda deyilir ki, ABŞ Dövlət Departamentinin yaydığı bəyanat Qərbin də dəstək verdiyi terrorçu qruplaşmaları hadisənin məsuliyyətindən kənarda saxlamağa xidmət edir.
Eyni zamanda açıqlamada diqqətə çatdırılıb ki, Rusiya tərəfində terrorçuların noyabrın 24-də Hələbdə mülki insanlara qarşı kimyəvi silahlardan istifadə etməsinə dair konkret faktlar var.
ABŞ-ın bu kimi açıqlamalarla aparılan araşdırmaya əngəl olmaq məqsədilə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına kobud şəkildə təzyiq etdiyinin bildirildiyi məlumatda həmçinin qeyd edilib:
“ABŞ-ın bununla özünə bağlı qüvvələrin Suriyanın şərqində işlədiyi cinayətlərin üzərindən diqqət yayındırmağa xidmət etdiyini istisna etmirik. Bir aydan çoxdur ki, ABŞ-ın döyüş təyyarələri Hacin bölgəsinin ətrafındakı yaşayış məntəqələrini bombardman edir. Bunun nəticəsində hər gün onlarla mülki insan həlak olur”.