Ermənistanda keçirilən parlament seçkilərində əvvəldən də gözlənildiyi kimi, Nikol Paşinyanın “Mənim Addımım” bloku səslərin böyük fazini alaraq, parlamentdə üstünlüyünü təmin etdi. Bu, Paşinyana təkbaşına hökumət formalaşdırmaq və ölkənin bütün inzibati sturukturlarını ələ keçirmək imkanı verir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən bu seçkilər “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə son qoydu:
“Ermənistanın yeni hakimiyəti ağır sosial-iqtisadi və siyasi problemləri həll etməlidir. Qənaətimə görə, Paşinyan bu problemlərin öhdəsindən o halda gələ biləcək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq. Digər yandan, seçkilərdə seçici fəallığının az olması, siyasi elitaya inamsızlıqdan irəli gəlir. Çünki ermənilər çox yaxşı bilirlər ki, Paşinyanın siyasi ritorikası pafosa əsaslanır və çətin durumda olan Ermənistanı inkişaf etdirəcəyi real görünmür”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, keçmiş prezident Robert Köçəryanın seçkilərdən əvvəl həbs edilməsi təsadüfi olmayıb:
“Paşinyan Moskvanın Ermənistandakı əsas adamını siyasi səhnədən uzaqlaşdırmaqla Rusiyanın nüfuz dairəsini zəiflətməyi qarşısına məqsəd qoyub. Buna görə də, Paşinyanın bu addımı Moskvanı qəzəbləndirəcək. Lakin buna baxmayaraq, Paşinyan yaxın günlərdə Serj Sərksiyanı da istintaqa cəlb edəcək və onu da sıradan çıxarmaq üçün bütün vasitələrə əl atacaq. İkinci addımda isə, Azərbaycanın işğal altındakı Qarabağ bölgəsindəki separatçı rejimi səhnədən uzaqlaşdırmağa çalışacaq”.