Gürcüstan Prezidenti Georgi Marqvelaşvili hesab edir ki, hakim Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili ölkənin baş naziri vəzifəsini icra etməlidir.
Teleqraf.com xəbər verir ki, o bu barədə Tiflisdə Qafqaz Universitetində tələbələrlə görüşündə danışıb.
Prezident çıxışında deyib:
“Öz partiyasında özünü yeganə lideri hesab edən bir şəxs indi geri qayıdıb və baş nazirin məsuliyyətini öz üzərinə götürsə, bu, düzgün və adekvat olar. Bu, yaranmış suallara aydınlıq gətirən bir addım sayılar”.
Onun sözlərinə görə, İvanişvilinin uzun müddətdir Gürcüstanın qeyri-formal qayda ilə idarə etdiyinə dair yaranmış suallara veriləcək cavab yoxdur.
Gürcü KİV ölkənin baş nazirlərinin təyin edilməsi və istefası ilə bağlı qərarları Bidzina İvanişvilinin verdiyini iddia edir.
Buna nümunə kimi bu il iyunun 13-də Gürcüstanın baş naziri vəzifəsindən istefa verən Georgi Kvirikaşvili göstərilib. Kvirikaşvilinin yola salınmasının səbəbi isə onunla iqtidar partiyası və partiya lideri Bidzina İvanişvili arasında yaranmış fikir ayrılığıdır.
Georgi Kvirikaşvili Gürcüstanda indiyədək heç bir izahat vermədən bu vəzifəni tərk edən yeganə baş nazirdir.