Çin Amerika istehsalı olan avtomobillərə və onların ehtiyat hissələrinə 25 faizlik əlavə verginin tətbiqini üç ay müddətinə təxirə salıb.
Teleqraf.com xəbər verir ki, Çin Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, Amerika avtomobillərinə və onların ehtiyat hissələrinə 25 faiz əlavə verginin yanvarın 1-dən martın 31-dək təxirə salınmasına dair qərar ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Cinpin arasında bu yaxınlarda əldə olunmuş razılaşmaya əsasən qəbul edilib.
Pekin Vaşinqtonun 200 milyard dollar dəyərində Çin mallarına tətbiq edəcəyi əlavə vergiyə cavab olaraq ABŞ-da istehsal olunan avtomobillər və onların ehtiyat hissələri üçün 40 faizə qaldırdığı vergini 15 faizə endirib.
ABŞ avtomobilləri Çinin avtomobil idxalının təxminən 25 faizini əhatə edir. Pekin ötən il bu ölkədən 250 mindən çox avtomobil idxal edib.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Argentinada keçirilən G20 sammitində görüşərək 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək barədə razılığa gəliblər.