Belarus mediası prezident Aleksandr Lukaşenkonun rusiyalı jurnalistlər və ekspertlərlə görüşdə Ermənistanın işğalçılıq siyasətindən doğan fəaliyyətilə bağlı daha bir maraqlı fikirlərini dərc edib.
Yayılan videoda Lukaşenko Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycana silah satışı ilə bağlı narazılığına reaksiyası əks olunub.
“Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yerdə kimdir? Kim? Cavab - Rusiya. Deyirəm ki, bəs onda niyə susmuşdun? Ona dedim ki, Vladimir Vladimiroviçi tənqid elə. Nədir, qorxursan?”, – deyə o bildirib.
Lukaşenko Paşinyana xatırladıb ki, Azərbaycana silah satışı üzrə ikinci İsrail, üçüncü isə Türkiyədir:
“Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri biz tuturuq. “Polonez”lər olmasa, onuncu olacağıq. Bəs onda niyə Belarusun üstünə düşürsən? Özününkülərə hücum edirsən ki, başqaları başa düşsün? Sən de, mən də susacağam”.