18 Dekabr 2018 21:35
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində səsləndirdiyi “Ermənistanda xarici ölkələrin qoşunlarının yerləşdirilməsinə mane olmaq lazımdır” fikirlərinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, XİN-in yaydığı bəyanatda nazirin fikirlərinin təhrif edildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi mətndə Lavrov Ermənistanın bioloji laboratoriyalarında xarici hərbi birliyin olmaması barədə danışır.

XİN-in məlumatına görə, Lavrov müsahibədə “Ermənistandakı bioloji laboratoriyalarda xarici hərbi qüvvələr olmamalı və bu laboratoriyaların fəaliyyəti şəffaf olmalı, bunu təmin edən sənədin imzalanması prosesi başa çatmalıdır” deyib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri rəsmi Moskva və İrəvanın Ermənistanda xarici hərbi birliyin yerləşdirilməməsinə zəmanət verəcək bir sənədin imzalanmalı olduğunu bildirib.

Bundan öncə isə “Kommersant” yazmışdı ki, Rusiya tərəfi Ermənistanla danışıqlar aparır və ABŞ-ın maliyyə dəstəyi ilə Ermənistanda açılmış bioloji laboratoriyaların üçüncü ölkələrin istifadəsinə qadağa qoyacaq bir sənəd imzalanacaq.

Qeyd olunmuşdu ki, danışıqlar uğurla başa çatsa, amerikalı mütəxəssislər bu laboratoriyalardan istifadə edə bilməyəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu