Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında çıxış edib.
Vladimir Putin ABŞ-ın uydurduğu bəhanələrlə “Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi” haqqında sazişdən (OKMRS) çıxmaq istədiyini, lakin sazişi pozanın elə Birləşmiş Ştatların özünün olduğunu bəyan edib.
Musavat.com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti ABŞ-ın bu addımının beynəlxalq təhlükəsizlik üçün ağır nəticələr törədə biləcəyini söyləyib. Putin bəhs edilən müqavilənin sadəcə ABŞ və Rusiya arasında bağlanmasının başqa ölkələrin ona qoşulmasına mane olmadığını qeyd edib.
Rusiya lideri rəsmi Vaşinqtonu beynəlxalq təhlükəsizliyin təməlini dağıtmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞ-ın OKMRS-dən çıxması Rusiyanı öz təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməyə vadar edəcək.
Xatrıladaq ki, bu il dekabrın əvvələrində ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiyaya OKMRS-in müddəalarına əməl etməsi üçün 2 ay vaxt verib. O, Rusiya Federasiyasının deyilən tələbi nəzərə almaması halında rəsmi Vaşinqtonun sazişdə özünə aid edilən öhdəlikləri dayandıracağını bəyan edib.
ABŞ-ın dövlət katibinin silahlanma və beynəlxalq təhülkəsizlik məsələləri üzrə müavini Andrea Tompson isə Rusiyanı 9М729 (SSC-8) (“İsgəndər”) raketlərindən vaz keçməyə və ya onun sistemini dəyişdirməyə çağırıb.