19 Dekabr 2018 15:49
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Suriyanın Şərqi Fərat bölgəsində hərbi əməliyyatlara başlamaqla öz təhlükəsizliyini təmin etmək niyyətindədir. Türkiyə bura qədər Suriya ərazilərində bir neçə anti-terror əməliyyatları (“Fərat Qalxanı” və “Zeytun Budağı”) həyata keçirib. Hər iki əməliyyat uğurlu oldu. Həm əməliyyatların keçirildiyi bölgələr terrorçulardan təmizləndi, həm də qaçqın suriyalılar öz yerlərinə qayıtdılar”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Azad Suriya Ordusu ilə birgə keçiriləcək bu əməliyyatlar da Türkiyəni təhdid edən terrorçulara qarşı yönəldiləcək:

“Həmin terror qüvvəsi PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və bu iki qruplaşmanın formalaşdırdığı Demokratik Suriya Qüvvələridir (DSQ). Türkiyənin Fərat çayının şərq sahillərindəki əməliyyat hazırlığı bu terror təşkilatlarına qarşı mübarizə xarakteri daşıyır. Bu bölgədə fəaliyyət göstərən terror təşkilatları Türkiyə üçün təhdid mənbəyidir”.

Sədrəddin Soltan Türkiyənin “Cənub Hərəkatı” adlı yeni hərbi əməliyyatlara başlamaq planına ABŞ-ın mane olmaq cəhdlərini də şərh edib:

“ABŞ Türkiyənin “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatlarına da mane olmağa çalışdı. Amma sonrakı proseslər ABŞ-ın bu məsələlərdə Türkiyə ilə razılaşdığını göstərir. Hesab etmək olar ki, ABŞ bu dəfə də Türkiyə ilə razılaşacaq. Çünki Türkiyə iddia edir ki, Suriyadan ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid var. Belə çıxır ki, ABŞ Türkiyənin ərazi bütövlüyünü təhdid edən qruplaşmaları dəstəkləyir?

Axı, Türkiyə və ABŞ strateji müttəfiq sayılır. ABŞ Türkiyəyə etiraz etsə, bu məntiq ortaya çıxacaq ki, Vaşinqton öz strateji müttəfiqlərini təhdid edən qüvvələri dəstəkləyir. Buna görə də düşünürəm ki, yaxın perspektivdə bu məsələdə tərəflər arasında anlaşma olacaq.

ABŞ-ın Türkiyəyə “Patriot” sistemləri verməsi də ABŞ-ın bir sıra məsələlərdə Türkiyəyə yaxınlaşmağa meyilli olmasından xəbər verir”.

Politoloq xatırladıb ki, vaxtilə İraqda və Fərat çayı boyunca Türkiyəyə qarşı “PKK tələsi” qurmuşdular: “Amma Türkiyə bu tələdən çıxmağı bacardı. İndi də bu tələni Fəratın şərqində qurublar. Çalışırlar ki, Türkiyənin başını burada oyuna qataraq, bölgədə baş verənlərə müdaxilə edib öz sözünü deyə bilməsin. Bölgədə gedən proseslərin söz sahiblərindən biri kimi Türkiyənin bu tələdən də çıxacağı istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu