“Türkiyənin siyasi partiyaları və siyasi həyatı müzakirə ediləndə çalışırıq ki, azərbaycanlı kimi onun daxili işlərinə qarışmayaq. Amma elə məsələlər ortaya çıxır ki, Türkiyənin daxili işi həddini keçir”.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun ASALA və FETÖ terror təşkilatlarını müdafiə edən bloger Natali Avazyanla görüşü barədə Teleqraf.com-a danışan siyasi şərhçi Azər Həsrət belə deyib.
Ekspertin sözlərinə görə, bəzən türk xalqlarının, eləcə də Türkiyə və Azərbaycanın mənafelərinə zidd olan davranışlara yol verilir:
“Həmin davranışlara reaksiya verməli və mövqeyimizi ortaya qoymalıyıq. Bu baxımdan, bəzən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının davranışlarında Azərbaycana qarşı yönəlmiş elementlər görünür. Partiya liderinin ASALA tərəfdarı olan bir şəxslə görüşməsi də bu qəbildəndir.
Onlar çalışırlar ki, özlərinin siyasətini daha geniş areala yaysınlar, hər kəsə açıq olduqlarını göstərsinlər, fərqli millətlərə dözümlü yanaşdıqlarını göstərsinlər. Əlbəttə, onlar Türkiyə vətəndaşı olan ermənilərlə normal münasibətlər qura bilərlər, bu, Türkiyənin daxili işidir. Amma ASALA kimi terror təşkilatı ilə adı hallanan bir şəxslə görüşmək, bu cür insanlarla siyasət qurmaq yolverilməzdir, qəbuledilən deyil. Biz belə xəbərləri eşidəndə kədərlənirik”.
Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu ASALA və FETÖ kimi terror təşkilatlarını müdafiə edən bloger Natali Avazyanla görüşüb. Erməni əsilli blogerin Kılıçdaroğlu ilə hansı mövzu ətrafında danışdığı məlum deyil.
Əlavə edək ki, Natali Avazyan sosial şəbəkələrdə Türkiyə hökuməti və dövləti əleyhinə tez-tez paylaşımlar edir. Qadın bloger bu paylaşımlarında ASALA terror təşkilatı tərəfdarı olduğunu gizlətmir.