ABŞ prezidenti Donald Trampın ordunu Suriyadan çıxarmaq qərarını yerli media və siyasətçilər kəskin etirazla qarşılayıb.
Teleqraf.com CNN kanalına istinadla xəbər verir ki, ABŞ prezidenti bu qərarı verərkən milli təhlükəsizlik üzrə müşavir və hərbi mütəxəssislərin məsləhətlərini nəzərə almayıb.
“Nyu York Tayms” qəzeti 2 min Amerika əsgərinin Suriyadan çıxarılması və hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya və İranın bölgədə güclənəcəyini iddia edib.
ABŞ-ın Yaxın Şərqdəki mövqe və siyasətinin zədələnəcəyini bildirən “Vall Street Journal” isə Trampın bu addımı Türkiyənin hərbi əməliyyatlar haqqında qərarından sonra atdığını, beləliklə, Suriyadakı ABŞ müttəfiqi YPG-nin təhlükə altına salındığını vurğulayıb.
“Vaşinqton Post” qəzeti hərbi mənbələrə istinadla qeyd edir ki, ABŞ müdafiə naziri Ceyms Mettisin Suriyada heç olmasa kiçik sayda hərbi kontingentin saxlanılması məsləhətinə Tramp müsbət yanaşmayıb, bu səbəbdən Pentaqon şefi istefa verə bilər.
ABŞ siyasətçiləri də Trampın Suriyadan çıxmaq qərarını pisləyib.
Senator Lendsi Qrem bildirib ki, ABŞ-ın Suriyadan çıxması ölkə üçün bölgədə və dünyada “ağır nəticələr” yaradacaq: “Amerikanın Suriyanı tərk etməsi İŞİD, İran, Bəşər Əsəd rejimi və Rusiya üçün böyük bir qazanc olar”.
Senator Kori Qardner Suriyadan çıxmaq qərarının dərhal dayandırması və prezidentdən Suriya strategiyası ilə əlaqədar Konqresə məlumat verməyə çağırıb.
Senator Marko Rubio isə qərarın böyük xəta olduğunu elan edib.
Konqresin xarici əlaqələr komitəsinin sədri, senator Bob Korker mətbuata açıqlamasında prezidentin verdiyi qərardan qurumların xəbərsiz qaldığını deyib: “Məncə, prezident Tramp oyandı və qərarı açıqladı”.